Macarıstanda parlament seçkiləri üzrə səsvermə üçün seçki məntəqələri bağlanıb və səslərin sayılmasına başlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Macarıstanın Milli Seçki Bürosu (MSB) məlumat yayıb.
Məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 19:00-da bağlanıb. Bununla belə, həmin vaxt növbələrdə olan vətəndaşlara səs verməyə icazə verilib.
MSB-nin məlumatına görə, seçkilərdə iştirak həddi yoxdur, buna görə də səs verənlərin sayından asılı olmayaraq onlar baş tutmuş hesab olunur. Yerli vaxtla saat 18:30-a olan məlumata əsasən, seçici fəallığı 77,8% təşkil edib ki, bu da ölkə tarixində ən yüksək göstərici olub.
Məntəqələr bağlandıqdan sonra protokolların yoxlanılmasına və səslərin sayılmasına başlanılıb. İlkin nəticələrin yerli vaxtla saat 20:00-dan sonra açıqlanması gözlənilir. Bundan əlavə, artıq "exit-poll" məlumatları da dərc oluna bilər.
Seçkilərdə parlamentdəki 199 yer bölüşdürülür, onlardan 93 mandat partiya siyahıları, daha 106 mandat isə birmandatlı dairələr üzrə paylanacaq.
Əsas mübarizə hakim "FİDES - Macar Vətəndaş İttifaqı" partiyası və Xristian-Demokratik Xalq Partiyasının koalisiyası ilə müxalifətçi "Tisa" partiyası arasında gedir.
Hakim koalisiyaya baş nazir Viktor Orban, "Tisa" partiyasına isə avrodeputat Peter Madyar rəhbərlik edir.
Proqnozlara görə, əsas rəqiblərdən başqa, Laslo Torotskainin rəhbərlik etdiyi "Bizim Vətən" partiyası da 5 faizlik baryeri keçərək parlamentə daxil ola bilər.