10 aprel 2026 11:19
133

Si Cinpin: Tayvanın gələcəyi Çin xalqının öz əlində qalmalıdır

Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin baş katibi və Çin Xalq Respublikasının sədri Si Cinpin Tayvan Kuomintang Partiyasının sədri Çjen Liven ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Bildirilib ki, bu, iki partiya lideri arasında 10 ildən sonra ilk danışıqlardır.

Tərəflər 1992-ci il konsensusuna sadiq qaldıqlarını bildiriblər.

Çin lideri qeyd edib ki, beynəlxalq vəziyyətdə heç bir dəyişiklik milli birləşməyə doğru tarixi meyli dayandıra bilməz. O, həmçinin separatçılarla qətiyyətlə mübarizə aparmağın vacibliyini vurğulayıb və Tayvan boğazında sülhü pozan əsas günahkarlar kimi müstəqillik tərəfdarlarını adlandırıb.

Bundan əlavə, Çin lideri həmvətənlərinin rifahını yaxşılaşdırmaq üçün mübadilələrin və iqtisadi inteqrasiyanın genişləndirilməsini qeyd edib. Sonda Si Cinpin milli dirçəliş üçün birliyin vacibliyini vurğulayıb və əlavə edib ki, Tayvanın gələcəyi bütün dövlətin gücü ilə ayrılmaz şəkildə bağlıdır.

Öz növbəsində Çjen Liven boğazın hər iki tərəfindəki xalqların bir Çin millətinə mənsub olduğunu bildirib. O, adanın müstəqilliyini qəti şəkildə rədd etdiyini deyib. O, partiyanın dinc gələcək üçün bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu bildirib.

Görüşdə ÇKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun Daimi Komitəsinin üzvləri Van Huninq və Say Çi iştirak ediblər.

Qeyd edək ki, Tayvan 1949-cu ildən bəri öz administrasiyası tərəfindən idarə olunur. Həmin vaxt Çan Kayşi (1887-1975) başda olmaqla Kuomintang qüvvələrinin qalıqları Çin Vətəndaş Müharibəsində məğlub olduqdan sonra oraya qaçmışdı.