08 aprel 2026 20:07
88

Azərbaycanın xarici işlər naziri iranlı həmkarı ilə telefon danışığında atəşkəsi alqışlayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “İki sahil”' verilən məlumata görə, telefon danışığı zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyəti və əldə olunmuş atəşkəs barədə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov elan olunmuş atəşkəsi alqışlayıb. Atəşkəsin təmin olunmasının gərginliyin azaldılması, danışıqların uğurla nəticələnməsi və sabitliyin bərqərar olunması baxımından əhəmiyyəti vurğulanıb.

Atəşkəsin əldə olunmasında vasitəçi ölkələrin, xüsusilə də dost və qardaş Pakistanın rolu təqdir olunub.

C.Bayramov atəşkəs rejiminə riayət olunmasının vacibliyini qeyd edərək, vəziyyətin diplomatik yollarla həllinin önəmini diqqətə çatdırıb, İslamabadda aparılacaq danışıqların nəticəyönümlü və məhsuldar olacağına ümidvar olduğunu bildirib.

Azərbaycanın hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduğu Ceyhun Bayramov tərəfindən vurğulanıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.