08 aprel 2026 10:48
156

BMT-nin tədqiqatı: Qadınlar kişilərdən daha çox, amma qeyri-sağlam yaşayırlar

Artıq 25 ildir ki, bəşəriyyət qadınların sağlamlıq hüququnun təmin edilməsi, xüsusən də cinsi və reproduktiv qayğı sahəsində mühüm irəliləyişlər əldə edib. Aparılan tədqiqatlar zərif cinsin nümayəndələrinin indi daha uzun ömür sürdüklərini, amma həyat şəraitinin kişilərə nisbətən aşağı səviyyədə olduğunu göstərir.

BMT-nin məlumatlarına görə, qlobal səviyyədə qadınlara dəqiq diaqnoz qoyulması və ya onların lazımi müalicə alması ehtimalı hələ də azdır. Səhiyyə sistemlərində olan boşluqlar onların sağlamlığına, təhlükəsizliyinə və həyat keyfiyyətinə mənfi təsir göstərməyə davam edir.

“İki sahil”  BMT-nin informasiya xidmətinə istinadla xəbər verir ki, səhiyyə fundamental insan hüququ olsa da, hələ də hər kəs üçün təmin edilmir və bərabərsizlik gündəlik həyatın bu ən vacib sahələrindən birində davam edir. Gender bərabərliyi agentliyi olan BMT Qadınlar Təşkilatına görə, bu, tarixən qadınları nəzərə almadan hazırlanmış tibbi sistemi əks etdirir. Müayinələrdə istifadə olunan vasitələrdən tutmuş diaqnoz və müalicəni formalaşdıran məlumatlara qədər boşluqlar səhiyyə sistemlərində real nəticələrə səbəb olur.

BMT bildirir ki, qadın və uşaq sağlamlığı sahəsində nəzərəçarpacaq irəliləyiş olub. 2000-2023-cü illər arasında ana ölümü 40 faiz azalaraq hər 100 min diri doğuşa görə 328-dən 197-yə düşüb. Yeniyetmələrin doğum nisbəti 2000-2024-cü illər arasında 15-19 yaş arası hər 1000 qıza görə 66,3-dən 38,3-ə düşüb. Bundan başqa, müasir ailə planlaşdırma metodlarından istifadə edən qadınların nisbəti 73,7 faizdən 77,1 faizə yüksəlib.

Lakin bu irəliləyişlər qeyri-bərabərdir. Ən az inkişaf etmiş ölkələrdə yeniyetmə doğuşları 2000-ci ildəki 4,7 milyondan 2024-cü ildə 5,6 milyona yüksəlib.

Təşkilatın ekspertləri bildirirlər ki, qadınlar kişilərdən daha uzunömürlüdürlər (3,8 il), lakin onlar həyatlarının daha çox hissəsini zəif sağlamlıq şəraitində keçirirlər. Buraya əzələ-skelet sistemi, ginekoloji xəstəliklər, miqren və depressiya daxildir. Çanaq müayinələrində geniş istifadə edilən spekulum XIX əsrdəki dizaynından bəri az dəyişib. Tibdəki irəliləyişlərə baxmayaraq, bir çox diaqnostik alətlər qadınların rahatlığına, ləyaqətinə və təhlükəsizliyinə üstünlük vermək baxımından inkişaf etməyib. Bu cür alətlərin yenidən dizayn edilməsi səyləri, xüsusən də qadınların rəhbərlik etdiyi innovasiyalar vasitəsilə ortaya çıxır, lakin dövlət səhiyyə sistemlərində onların tətbiqi məhdud olaraq qalır.

Tədqiqat göstərir ki, qadınlar kişilərdən çox yaşasalar da, həyatlarının daha çox hissəsini pis sağlamlıq şəraitində keçirirlər. Bu, kişilərə nisbətən təxminən 25 faiz aşağı göstəricidir və tez-tez uzunmüddətli xroniki ağrı, yorğunluq və müalicə olunmamış xəstəliklərin yaşanması, eləcə də səhv diaqnoz qoyulması hallarının daha yüksək olması deməkdir.

BMT qeyd edir ki, bu məsələdə siyasət dəyişiklikləri də ortaya çıxır. 2023-cü ildə İspaniya Yaponiya, İndoneziya və Zambiya da daxil olmaqla bir neçə ölkə menstrual məzuniyyət tətbiq edib. Endometrioz dünya miqyasında hər 10 qadından 1-nə, yəni, təxminən 190 milyon insana təsir göstərir.

Digər bir məsələ isə qadınların səhiyyə rəhbərliyində az təmsil olunmasıdır. Bir çox ölkədə onlar tibbi tədqiqatlar və yüksək həkim ixtisası üzrə təhsildən kənarda qalırlar.

Tədqiqata görə, ürək-damar xəstəlikləri qadınlar arasında ölümün əsas səbəbidir. Lakin geniş yayılmış simptomlar əsasən kişi davranışlarına əsaslanır. Qadınlar yorğunluq, ürəkbulanma, nəfəs darlığı və çənə və ya bel ağrısı kimi müxtəlif xəbərdarlıq əlamətləri ilə qarşılaşa bilərlər. Bu fərqlər diaqnoz və müalicədə gecikmələrə səbəb ola bilər və ölüm riskini artırır. Əlamətlər daha az tanındığı üçün bəzi hallarda qadınlar müalicə əvəzinə evə göndərilir.

“Bu fərqlərin aradan qaldırılması qadınlara münasibətdə daha həssas səhiyyə sistemləri tələb edir. Buraya daha inklüziv tədqiqatlar, dəqiq məlumatlar, təkmilləşdirilmiş diaqnostik vasitələr, qadın həkimlərin təcrübələrinin təşviq edilməsi daxildir. Qadınlar tərəfindən liderliyin gücləndirilməsi də zəruridir. Dəlillər göstərir ki, daha çox inklüzivlik qadınlarda xəstəliklərin müalicəsinin nəticələrini yaxşılaşdıra və ölüm nisbətlərini azalda bilər”, -deyə tədqiqatın sonunda deyilir.