07 aprel 2026 21:04
104

Azərbaycan və Türkiyənin Baş prokurorları Bakı Dövlət Universitetində mühazirə oxuyublar

Aprelin 7-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk Bakı Dövlət Universitetində (BDU) birgə mühazirə ilə çıxış ediblər.

“İki sahil” xəbər verir ki, “Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində prokurorluq orqanlarının beynəlxalq hüquqi əməkdaşlığı” mövzusuna həsr olunmuş tədbirdə Universitetin Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Tarix, Sosial elmlər və psixologiya fakültələrinin tələbələri, müəllim-professor heyəti, prokurorluq əməkdaşları, eləcə də elmi ictimaiyyət nümayəndələri iştirak edib.

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev qonaqları salamlayıb, tədbirin mühüm əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, Türk Dövlətləri Təşkilatı müasir beynəlxalq münasibətlər sistemində Türk dünyasını birləşdirən mühüm regional platformalardan biridir. Onun əhəmiyyəti ilk növbədə üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar-mədəni əməkdaşlığın gücləndirilməsində özünü göstərir. Təşkilat türk dövlətlərinə beynəlxalq arenada ortaq mövqe sərgiləmək və bir-birini dəstəkləmək imkanı verir. TDT həm də hüquqi və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün mühüm platformadır. Müasir dövrdə transmilli cinayətkarlıq, kibercinayətlər kimi təhlükələr artıq sərhəd tanımır. Bu isə hüquq-mühafizə və xüsusilə prokurorluq orqanları arasında daha sıx və koordinasiyalı əməkdaşlığı zəruri edir. Əliş Ağamirzəyev gələcəyin hüquqşünasları və dövlət qulluqçuları üçün beynəlxalq hüquqi əməkdaşlıq anlayışını dərindən mənimsəməyin və qlobal hüquqi düşüncəyə sahib olmağın mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk mühazirəsi zamanı universitetlərin hüquqi dövlətin formalaşmasında və peşəkar hüquqşünasların yetişdirilməsində mühüm rol oynadığını bildirib. O qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər ortaq tarix, mədəniyyət və dilə əsaslanan qardaşlıq üzərində qurulub. Bu əməkdaşlıq hüquq sahəsində də uğurla inkişaf edir.

Çıxışda müasir dövrdə terrorizm, insan alveri, qanunsuz miqrasiya, narkotiklərin qaçaqmalçılığı, kibercinayətkarlıq və maliyyə cinayətləri kimi sərhəd aşan təhdidlərin artdığı vurğulanıb. Bildirilib ki, bu cinayətlərlə mübarizə heç bir dövlətin təkbaşına apara biləcəyi proses deyil və beynəlxalq əməkdaşlıq zəruri xarakter daşıyır. Bu kontekstdə prokurorluq orqanlarının ədalətin təmin olunmasında və cinayətkarlığa qarşı mübarizədə əsas institutlardan biri olduğu qeyd edilib.

Muhsin Şentürk beynəlxalq hüququn tətbiqinin və insan hüquqlarının qorunmasının müasir dövrdə daha da aktuallaşdığını diqqətə çatdıraraq qloballaşma və rəqəmsallaşmanın cinayətlərin xarakterini dəyişdirdiyini, xüsusilə rəqəmsal mühitdə törədilən cinayətlərin yeni çağırışlar yaratdığını bildirib. Bu baxımdan güclü beynəlxalq hüquqi əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasının vacibliyi vurğulanıb.

Çıxışda Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyətinə xüsusi toxunulub. Qeyd edilib ki, təşkilata üzv dövlətlərin baş prokurorluqları arasında yaradılan Şura qarşılıqlı etimadın möhkəmlənməsinə, təcrübə mübadiləsinə və koordinasiyalı fəaliyyətə mühüm töhfə verir. Bu platforma kibercinayətlər və digər sərhəd aşan cinayətlərlə mübarizədə birgə yanaşmaların formalaşdırılmasına imkan yaradır.

Çıxış edən Baş prokuror Kamran Əliyev mövzunu həm nəzəri, həm də praktiki aspektlərdən geniş təhlil edərək Türk Dövlətləri Təşkilatının müasir beynəlxalq münasibətlər sistemində artan rolunu hüquqi prizmadan dəyərləndirib. O bildirib ki, qlobal transformasiyalar şəraitində türk dövlətləri arasında siyasi, iqtisadi, sosial və mədəni inteqrasiyanın davamlılığı, ilk növbədə hüquqi mexanizmlərin uyğunlaşdırılmasından və institusional əməkdaşlığın gücləndirilməsindən asılıdır.

Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən Türk dünyasının vahid ailə kimi çıxış etməsi ideyasının hüquqi baxımından əhəmiyyətini vurğulayaraq qeyd edib ki, ortaq hüquqi məkanın formalaşdırılması üzv dövlətlər arasında qarşılıqlı etimadı möhkəmləndirir və regional təhlükəsizliyin təmin olunmasına xidmət edir. Çıxışda qarşılıqlı hüquqi münasibətlərin yalnız siyasi iradə ilə deyil, qanunvericilik bazalarının uyğunlaşdırılması, vahid hüquqi yanaşmaların formalaşdırılması və prokurorluq orqanları arasında operativ əməkdaşlıq mexanizmlərinin tətbiqi ilə mümkün olduğu diqqətə çatdırılıb.

Bundan başqa, transmilli cinayətkarlığın müasir dövrdə yeni formalar aldığını, xüsusilə kibercinayətkarlıq, terrorizmin maliyyələşdirilməsi, insan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulması kimi cinayətlərlə mübarizədə koordinasiyalı fəaliyyətin zəruriliyi qeyd olunub. Baş prokuror ibtidai istintaq mərhələsində qarşılıqlı hüquqi yardımın göstərilməsi, rəqəmsal və ənənəvi sübutların toplanması və mübadiləsi, həmçinin operativ informasiya mübadiləsi mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

Mühazirədə ekstradisiya institutunun beynəlxalq cinayət hüququnda əhəmiyyətinə də toxunularaq bildirilib ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında mövcud olan qarşılıqlı etimad bu prosedurların daha operativ həyata keçirilməsinə imkan verir, habelə prokurorluqlar arasında birbaşa əlaqə mexanizmlərinin inkişafı cinayət törətmiş şəxslərin məsuliyyətdən yayınmasının qarşısının alınmasında mühüm rol oynayır.

Baş prokuror həmçinin Türk Dövlətlərinin Baş prokurorlarının Şurasının fəaliyyətinə də toxunaraq bu platformanın yalnız təcrübə mübadiləsi deyil, həm də ortaq hüquqi yanaşmaların formalaşdırılması, birgə istintaq mexanizmlərinin yaradılması və rəqəmsal ədliyyə sistemlərinin inteqrasiyası baxımından strateji əhəmiyyət kəsb etdiyini bildirib. Prokurorluq əməkdaşlarının peşəkar hazırlığı, akademik mübadilə proqramları və birgə təlimlərin gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.

Sonda vurğulanıb ki, qloballaşan dünyada hüquqşünaslar beynəlxalq perspektivlə fəaliyyət göstərməlidir. Güclü beynəlxalq əməkdaşlıq isə ədalətin effektiv təmin edilməsinin əsas şərtidir.