04 aprel 2026 20:20
123

İraqla İran arasındakı sərhəd-keçid məntəqəsinə hava zərbəsi endirilib, ölən var

İraq İranla cənub sərhədində yerləşən Şalamca keçid məntəqəsini müvəqqəti bağlayıb. Qərar sərhəd-keçid məntəqəsinin İran ərazisindəki hissəsinə endirilən hava zərbələrindən sonra qəbul edilib.

“İki sahil” “Reuters”ə istinadla xəbər verir ki, Şalamca keçidi İrandan İraqa tərəvəz və digər ərzaq məhsullarının idxalı üçün əsas marşrutlardan biridir.

Məlumata əsasən, İran tərəfinə endirilən hava zərbələri nəticəsində bir İraq vətəndaşı həlak olub, azı beş iraqlı ağır yaralanıb. İraq polisi həlak olan şəxsin cəsədini çıxarıb, yaralılar isə xəstəxanaya yerləşdirilib, onların əksəriyyətinin vəziyyəti ağır qiymətləndirilir.

Bildirilib ki, təmir işləri bitəndən sonra keçid məntəqəsi yenidən fəaliyyətini bərpa edəcək. Bundan əlavə, Şalamca yaxınlığında baş verən hadisədən bir neçə saat sonra İraq rəsmiləri Küveytlə sərhəddə yerləşən Səfvan keçid məntəqəsində də hərəkətin müvəqqəti dayandırıldığını bildiriblər. Qərar Küveyt tərəfində partlayışlar barədə məlumatlardan sonra qəbul edilib.

Rəsmilər partlayışlardan az əvvəl ərazidə pilotsuz uçuş aparatlarının müşahidə olunduğunu qeyd ediblər.