04 aprel 2026 20:02
124

Qasım Süleymaninin qohumu ABŞ-dan deportasiya ediləcək

ABŞ dövlət katibi Marko Rubio Həmidə Süleymani Əfşarın və onun qızının ölkədəki qanuni statusunun ləğv edildiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb.

M.Rubionun sözlərinə görə, Əfşar İranın mərhum general-mayoru Qasım Süleymaninin qardaşı qızıdır və İran hakimiyyətini dəstəkləyir.

"Yaxın vaxtlara qədər Həmidə Süleymani Əfşar və qızı "Green Card" sahibi idilər və Birləşmiş Ştatlarda lüks həyat sürürdülər. Əfşar mərhum İran general-mayoru Qasım Süleymaninin qardaşı qızıdır. O, həmçinin amerikalılara hücumları alqışlayan və ölkəmizi "Böyük Şeytan" adlandıran İran rejiminin qatı tərəfdarıdır", - Rubio qeyd edib.

M.Rubio bildirib ki, bu həftə onların statusu ləğv edilib və hazırda deportasiya üçün ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) nəzarəti altındadırlar.

"Tramp administrasiyası ölkənin anti-ABŞ terrorçu rejimləri dəstəkləyən xarici vətəndaşlar üçün sığınacağa çevrilməsinə imkan verməyəcək", - dövlət katibi vurğulayıb.