Müasir qlobal çağırışlar fonunda dopinq və narkotik vasitələrin qanunsuz istifadəsi artıq təkcə idman müstəvisində deyil, bütövlükdə cəmiyyətin təhlükəsizliyi və ictimai sağlamlıq kontekstində qiymətləndirilən kompleks problemə çevrilmişdir. Bu baxımdan Azərbaycan Respublikasında həyata keçirilən siyasət preventiv yanaşma, institusional koordinasiya və davamlı maarifləndirmə prinsipləri üzərində qurularaq beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirilir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” bu istiqamətdə fəaliyyətin strateji çərçivəsini müəyyən edən fundamental sənəd kimi çıxış edir.
Həmin Dövlət Proqramının icrasında institusional aktorlardan biri olan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2025-ci il ərzində fəaliyyətini yalnız normativ nəzarət funksiyaları ilə məhdudlaşdırmamış, eyni zamanda risklərin erkən mərhələdə idarə olunmasına, davranış modellərinin transformasiyasına və cəmiyyətin məlumatlılıq səviyyəsinin yüksəldilməsinə yönəlmiş çoxölçülü fəaliyyət konsepsiyası əsasında qurmuşdur. Bu yanaşma antidopinq siyasətinin klassik nəzarət mexanizmlərindən çıxaraq daha geniş - sosial, psixoloji və maarifləndirici platformaya transformasiyasını təmin etmişdir.
Hesabat dövründə AMADA tərəfindən həyata keçirilən fəaliyyətlərin miqyası və əhatəliliyi əldə olunmuş nəticələrin sistemli xarakterini aydın şəkildə nümayiş etdirir. Belə ki, il ərzində təşkil olunmuş 106 müxtəlif formatlı maarifləndirmə tədbiri, ümumilikdə, 4292 iştirakçını əhatə etmişdir . Bu göstəricilər təkcə statistik rəqəmlər kimi deyil, eyni zamanda hədəf qrupları ilə qurulan birbaşa kommunikasiya kanallarının effektivliyinin göstəricisi kimi qiymətləndirilməlidir. Maarifləndirmə təşəbbüsləri idmançılar, məşqçilər, tibbi heyət, idmançı köməkçi heyəti və gəncləri əhatə etmişdir.
Tədbirlərin məzmun komponenti xüsusi diqqətlə formalaşdırılmış və beynəlxalq antidopinq təcrübəsi ilə uzlaşdırılmışdır. İştirakçılara narkotik və psixotrop maddələrin Ümumdünya Antidopinq Agentliyinin (WADA) Qadağan edilmiş maddələrin siyahısında yer alması, bu maddələrin istifadəsinin hüquqi və intizam məsuliyyəti doğurması, həmçinin Avropa İttifaqının Narkotiklər üzrə Agentliyinin (EUDA) təlim standartlarına uyğun olaraq, insan orqanizminə, xüsusilə, psixoloji və nevroloji sistemlərə dağıdıcı təsirləri elmi əsaslarla izah edilmişdir. Bununla yanaşı, maddələrin dərman və ya qida əlavəsi adı altında gizli istifadəsi kimi riskli davranış modelləri, eləcə də idman mühitində etik dəyərlərin pozulmasına gətirib çıxaran halların uzunmüddətli sosial nəticələri sistemli şəkildə diqqətə çatdırılmışdır.
AMADA-nın 2025-ci il üzrə fəaliyyətində rəqəmsal transformasiya elementlərinin tətbiqi də xüsusi yer tutur. Bu çərçivədə e-təhsil platforması - ADEL vasitəsilə həyata keçirilən tədris prosesi maarifləndirmə fəaliyyətlərinə sistemli keyfiyyət mərhələsi qazandırmışdır. İl ərzində 272 istifadəçi Azərbaycan dilində bu platforma üzərindən antidopinq biliklərini sistemli şəkildə artırmış, davamlı təhsil imkanlarından yararlanmışdır. Bu model yalnız məlumat ötürülməsi funksiyasını yerinə yetirməklə kifayətlənməyərək, eyni zamanda fərdi öyrənmə və özünüqiymətləndirmə mexanizmlərini də təşviq etmişdir.
Agentliyin fəaliyyətində seçilən əsas xüsusiyyətlərdən biri preventiv yanaşmanın prioritetləşdirilməsidir. AMADA-nın tətbiq etdiyi yanaşma inzibati tədbirlərlə paralel olaraq maarifləndirmə və davranış dəyişikliklərinə yönəlmiş kompleks strategiyanı özündə birləşdirir. Dopinq və narkotiklərdən istifadəyə qarşı erkən profilaktika, risklərin sistemli azaldılması və sağlam həyat tərzinin təşviqi bu strategiyanın əsas sütunlarını təşkil edir. Nəticə etibarilə, həyata keçirilən tədbirlər yalnız mövcud problemlərin aradan qaldırılmasına deyil, həm də potensial təhlükələrin qarşısının alınmasına xidmət edən davamlı mexanizm formalaşdırılmasına töhfə verir.
Xüsusi vurğulamaq istərdik ki, Dövlət Proqramı çərçivəsində qurumlararası əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılmış addımlar da 2025-ci ilin mühüm nailiyyətləri sırasında yer alır. 12 noyabr 2025-ci il tarixində AMADA-nın təşkilatçılığı ilə keçirilmiş “Qadağan olunmuş maddələrlə mübarizədə qurumlararası əməkdaşlığın perspektivləri” mövzusunda qapalı dəyirmi masa bu baxımdan strateji əhəmiyyətə malik platforma olmuşdur. Tədbir çərçivəsində dövlət qurumları, hüquq-mühafizə orqanları, WADA-dan, Almaniya, İsveç, Polşadan olan mütəxəssislər və digər aidiyyəti tərəflər arasında informasiya mübadiləsinin gücləndirilməsi, koordinasiyanın optimallaşdırılması və birgə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi məsələləri geniş müzakirə olunmuşdur.
Tədbirdə səsləndirilən fikirlər bir daha təsdiq etmişdir ki, antidopinq və narkotiklərlə mübarizə sahəsində uğurlu nəticələrin əldə olunması yalnız bir qurumun fəaliyyəti ilə deyil, çoxşaxəli və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modeli ilə mümkündür. AMADA rəhbərliyi tərəfindən vurğulandığı kimi, məlumat və təhqiqat mübadiləsinin genişləndirilməsi, risklərin proaktiv idarə olunması və institusional tərəfdaşlığın möhkəmləndirilməsi gələcək fəaliyyətin əsas istiqamətləri kimi müəyyən edilmişdir.
Ümumilikdə, ötən il əldə olunmuş nəticələr AMADA-nın fəaliyyətinin strateji baxımdan düzgün istiqamətləndirildiyini və real təsir gücünə malik olduğunu nümayiş etdirir. Narkotik vasitələrin və psixotrop maddələrin idmanda yaratdığı risklərin azaldılması, gənclər arasında məlumatlılığın yüksəldilməsi və sağlam davranış modellərinin təşviqi istiqamətində əldə olunan nailiyyətlər Dövlət Proqramının davamlı və effektiv icrasının bariz göstəricisidir.
Bu fəaliyyətlər fonunda AMADA-nın rolu təkcə nəzarət orqanı kimi deyil, həm də cəmiyyətin sağlam gələcəyinin formalaşdırılmasına töhfə verən strateji institut kimi dəyərləndirilməlidir. Beynəlxalq Test Agentliyi tərəfindən AMADA-nın təhsil proqramlarının digər ölkələrin Milli Olimpiya komitələri üçün model olaraq göstərildiyini nəzərə alaraq, agentliyin həyata keçirdiyi sistemli və innovativ yanaşma Azərbaycan modelinin beynəlxalq müstəvidə də nümunəvi təcrübə kimi çıxış etməsinə zəmin yaradır.
2026-cı ildə bu fəaliyyətlərin daha da genişləndirilməsi, maarifləndirmənin əhatə dairəsinin artırılması və narkomaniyaya qarşı profilaktik tədbirlərin yeni metodlarla gücləndirilməsi əsas prioritetlər kimi müəyyən edilir. Xüsusilə regionlarda və gənclər arasında hədəflənmiş proqramların intensivləşdirilməsi, rəqəmsal platformalar vasitəsilə davamlı təhsil imkanlarının artırılması və institusional əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur.
Səxavət Quliyev,
Azərbaycan Milli Antidopinq Agentliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri