03 aprel 2026 16:56
132

Xətaidə Aprel şəhidləri anıldı - FOTO

Xətai rayonunda Aprel şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib.

“İki sahil” xəbər verir ki, tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Tədbir iştirakçıları 2016-cı il Aprel döyüşlərinin ildönümü ilə əlaqədar qəhrəman şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. İcra başçısı Rafiq Quluyev qeyd edib ki, Azərbaycan Ordusunun şanlı tarixində mühüm yer tutan Aprel döyüşlərindən 10 il ötür. Bildirilib ki, həmin döyüşlər zamanı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq uğurlu əks-hücum əməliyyatı həyata keçirərək Füzuli, Cəbrayıl və Ağdərə istiqamətlərində strateji əhəmiyyətli yüksəklikləri və 2000 hektardan çox ərazini işğaldan azad edib.

Vurğulanıb ki, dördgünlük Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, xalqımızın yenilməz ruhunu nümayiş etdirərək gələcək böyük Qələbələrin əsasını qoyub. Qeyd olunub ki, xalqımız həm Aprel döyüşlərində, həm 44 günlük Vətən müharibəsində, həm də 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərində dövlətimizin və Ali Baş Komandanın ətrafında sıx birləşərək tarixi nailiyyətlərə imza atıb.

Bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdə Azərbaycan bayrağı qürurla dalğalanır və bu, əldə olunan qələbənin rəmzidir.

Digər çıxış edənlər də qeyd ediblər ki, xalqımız şəhidlərimizin, qazilərimizin və müharibə iştirakçılarının göstərdiyi şücaəti daim yüksək qiymətləndirir, onların xatirəsini uca tutur.

Sonda rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhid ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıb.