Məlumata görə, AKINCI daha əvvəl KEMANKEŞ-1 süni intellekt əsaslı mini qanadlı raket, həmçinin Roketsan tərəfindən hazırlanmış EREN yüksək sürətli çoxməqsədli dövrəvi sursat ilə uğurlu atışlar icra edib. Növbəti sınaq mərhələsi çərçivəsində Tekirdağ vilayətinin Çorlu rayonunda yerləşən AKINCI Uçuş Təlim və Sınaq Mərkəzindən havaya qalxan aparat KGK-82 ilə hədəfə dəqiq zərbə endirib.

“Qanadlı Tuşlama Dəsti-82” 500 funtluq (təxminən 227 kiloqram) sinfə aid MK-82 tipli sərbəst düşən aviasiya bombalarını uzaqmənzilli, yüksək dəqiqliyə malik “hava-yer” tipli idarəolunan ağıllı sursata çevirir.
Dəst inteqrasiya olunmuş ətalətli naviqasiya sistemi (INS) və peyk naviqasiyasına əsaslanan qlobal mövqeləndirmə sistemi (GPS) ilə təchiz edilib. GPS siqnallarının radioelektron mübarizə vasitələri ilə qarışdırılmasına qarşı davamlı anten sistemi hesabına KGK-82 müxtəlif hava şəraitində tətbiq oluna bilir.
Sursat uzaq məsafədən buraxıldıqda daşıyıcı platforma düşmənin hava hücumundan müdafiə zonasına daxil olmadan yüksək dəqiqlik və hədəfə dəymə ehtimalı ilə tapşırığı icra etmək imkanına malikdir.
Orxan Vahidoğlu, "İki sahil"