Fransanın nüfuzlu "Le Monde" nəşrinin yazdığına görə, ölkədə fəaliyyət göstərən velokuryerlərin böyük əksəriyyəti qeyri-qanuni miqrantlardır.
“İki sahil” xəbər verir ki, bu nəticə genişmiqyaslı araşdırmaya əsaslanır.
Tədqiqat Fransız Elmi-Tədqiqat İnkişaf İnstitutu (IRD) tərəfindən aparılıb. 2024-cü ildən etibarən tədqiqatçılar Paris və Bordo şəhərlərində fəaliyyət göstərən 1000 velokuryer arasında sorğu keçiriblər. Araşdırma nəticəsində məlum olub ki, bu sahədə çalışanlar həftədə orta hesabla 63 saat işləyirlər ki, bu da standart iş vaxtından xeyli çoxdur.
Sorğu göstərir ki, velokuryerlərin təxminən 99 faizi kişilərdir və eyni zamanda onların 99 faizi Fransadan kənarda doğulub. İştirakçıların təxminən üçdə ikisinin rəsmi sənədləri yoxdur, yəni onlar ölkədə qeyri-qanuni statusda çalışırlar. Gəlir səviyyəsi də olduqca aşağıdır - velokuryerlərin əhəmiyyətli hissəsi ayda 1000 avrodan az qazanır.
Araşdırma həmçinin onların sosial vəziyyətinin ağır olduğunu üzə çıxarıb. Belə ki, sorğuda iştirak edənlərin demək olar ki, yarısı son 12 ay ərzində ən azı bir gün qida çatışmazlığı ilə üzləşdiyini bildirib.
Tədqiqatın əsas məqsədi çatdırılma sektorunda çalışan insanların əmək şəraitinə, eləcə də onların fiziki və psixi sağlamlığına diqqət çəkməkdir. Bu nəticələr göstərir ki, sürətlə inkişaf edən çatdırılma iqtisadiyyatının arxasında çox vaxt hüquqi müdafiədən kənarda qalan və ağır şəraitdə çalışan işçi qüvvəsi dayanır.