31 mart 2026 13:59
103

Mart soyqırımı azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən təcavüzkar siyasətin tərkib hissəsi idi

108 il əvvəl 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları, daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirdi, 10 minlərlə insanı öz tarixi torpaqlarından qovdular. Bu, erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində utopik “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı törətdiyi etnik təmizləmə, deportasiya və soyqırımlarından biri idi. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 min nəfərlik silahlı dəstəsi iştirak etmişdir. 

Təkcə Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kənddən 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Yerli tədqiqatçılar tərəfindən də Şamaxı hadisələri ilə bağlı müvafiq araşdırmalar aparılıb. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində erməni cinayətkarlarının Şamaxıda 25 minə yaxın insanı qətlə yetirdiyi bildirilir. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub. Quba qırğınları zamanı isə şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə 4000 nəfərdən çox olduğu qeyd olunur. Bu soyqırım nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılıb, 2750-dən çox ev yandırılıb. Ümumiyyətlə, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu cinayətlərə hüquqi-siyasi qiymət vermək çox vacib idi. Lakin təəssüflər olsun ki, müstəqilliyin ilk illərində AXC-Müsavat cütlüyü bu barədə düşünmək belə istəmirdi. Onların əsas amalı hakimiyyət davası, öz kreslolarını qorumaq idi. Tarixdən dərs çıxarmaq, bu qanlı keçmişi araşdırmaq onların gündəliyində yox idi. Diletant rəhbərlər mart soyqırımına hüquqi-siyasi qiymət verməyin Azərbaycan dövləti və xalqı üçün nə qədər strateji əhəmiyyət kəsb etdiyini anlaya bilmirdi. Yalnız müstəqilliyimizin yenidən bərpasından sonra Ulu Öndər Heydər Əliyev mart soyqırımı ilə bağlı müvafiq fərman imzaladı və həmin fərmanda da qeyd olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul etdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. 
Prezident İlham Əliyev də mart soyqırımı ilə bağlı tarixi faktların beynəlxalq ictimaiyyətə çatdırılmasını əsas vəzifə kimi müəyyənləşdirib. Dövlət başçımızın 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı da erməni daşnak-bolşevik silahlı dəstələri və terrorçu təşkilatlarının ötən əsrin əvvələrində Azərbaycan xalqına qarşı törətdikləri insanlıq əleyhinə olan cinayətləri barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılması məqsədi daşıyırdı. 

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi 31 Mart soyqırımının araşdırılması və həqiqətlərin dünyaya yayılması istiqamətində işlər aparılır. Ötən illər ərzində aparılan araşdırmalar sayəsində bir çox yeni faktlar toplanıb, Quba şəhərində aşkarlanan kütləvi məzarlıq isə bu qırğınların ən bariz sübutlarından biridir. Kompleksin Məlumat Mərkəzinə gələn ziyarətçilər üçün Heydər Əliyev Fondu tərəfindən müasir avadanlıqlarla təchiz olunmuş zəngin kitabxana, oxu zalı, audiobələdçi və 1918-ci ildə Azərbaycan qəzalarında baş verən soyqırımı tarixi faktlarını əks etdirən üç dildə buklet və kitablardan istifadə etmək üçün şərait yaradılıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

Könül Nurullayeva,
Milli Məclisin deputatı