31 mart 2026 12:23
99

Soyqırımı qurbanlarının yad edilməsi xalqımızın həmrəyliyini gücləndirən mühüm amildir

Azərbaycan xalqının tarixində faciəli və unudulmaz hadisələrlə dolu səhifələr mövcuddur. Bu faciələrdən biri də 31 Mart soyqırımıdır. Hər il 31 mart tarixində xalqımız bu qanlı hadisələrin qurbanlarını dərin ehtiramla yad edir, tariximizin bu ağrılı səhifəsini gələcək nəsillərə çatdırmaq üçün müxtəlif anım tədbirləri keçirir. Bu gün təkcə matəm günü deyil, həm də milli yaddaşın qorunması və tarixi həqiqətlərin təbliği günüdür.

1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində – Şamaxı, Quba, Göyçay, Qarabağ, Zəngəzur, Lənkəran və digər ərazilərdə dinc azərbaycanlı əhaliyə qarşı amansız qırğınlar törədilmişdir. Bu hadisələr zamanı minlərlə günahsız insan, o cümlədən qadınlar, uşaqlar və yaşlılar xüsusi qəddarlıqla qətlə yetirilmiş, yüzlərlə kənd dağıdılmış, tarixi-mədəni abidələr məhv edilmişdir.

Xüsusilə Şamaxı və Quba bölgələrində törədilən qırğınlar daha geniş miqyas almışdır. 2007-ci ildə Quba şəhərində aşkarlanmış Quba Soyqırımı Memorial Kompleksi ərazisində tapılan kütləvi məzarlıq bu hadisələrin real tarixi fakt olduğunu bir daha sübut etmişdir. Bu faciə nəticəsində yüzlərlə ailə məhv edilmiş, insanlar öz doğma torpaqlarından didərgin düşmüş, milli-mədəni irsimizə ağır zərbə vurulmuşdur.

Bu faciəli hadisələrə yalnız müstəqillik dövründə siyasi-hüquqi qiymət verilmişdir. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli sərəncamı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bu mühüm qərar faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinin milli borc olduğunu xüsusi vurğulayır. Ali Baş komandan  qeyd edir ki, soyqırımı qurbanlarının xatirəsinin anılması təkcə keçmişə ehtiram deyil, həm də gələcək nəsillərin milli ruhda formalaşmasına xidmət edir. Dövlət başçısı bildirir ki, bu faciə qurbanlarının xatirəsi daim uca tutulmalı, onların taleyi heç vaxt unudulmamalıdır.

Soyqırımı qurbanlarının yad edilməsi xalqımızın milli həmrəyliyini gücləndirən mühüm amildir. Hər il ölkəmizin müxtəlif bölgələrində anım mərasimləri keçirilir, şəhidlərin xatirəsinə abidələr ziyarət olunur, konfranslar, sərgilər və maarifləndirici tədbirlər təşkil edilir. Xüsusilə , gənc nəslin bu tədbirlərdə iştirakı onların tarixi yaddaşının formalaşmasına mühüm təsir göstərir.

Qeyd etmək istəyirəm ki,məktəblərdə keçirilən anım tədbirləri də xüsusi əhəmiyyət kəsb edir. Açıq dərslər, dəyirmi masalar, inşa və rəsm müsabiqələri, sənədli filmlərin nümayişi şagirdlərin hadisələri daha dərindən anlamasına kömək edir. Bu tədbirlər vasitəsilə şagirdlərə izah edilir ki, tariximizi unutmaq gələcəyimizi itirmək deməkdir. Soyqırımı qurbanlarının yad edilməsi şagirdlərdə vətənpərvərlik hissinin güclənməsinə, milli kimlik və tarixi yaddaşın formalaşmasına xidmət edir.Hər il 31 Mart Soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilir, şagirdlər faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edir, təqdimatlar və çıxışlar edirlər.

31 Mart Soyqırımı qurbanlarının xatirəsini yad etmək hər bir azərbaycanlının mənəvi borcudur. Bu faciənin qurbanlarını anmaq, onların xatirəsini yaşatmaq və gələcək nəsillərə çatdırmaq milli yaddaşımızın qorunması deməkdir.

Bu gün biz soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Allah bütün günahsız qurbanlara rəhmət eləsin.

Yeganə Məhərrəmova,
YAP Xətai rayonu təşkilatının üzvü