Bağdadda yerləşən hərbi bazalardan birinə raket hücumu zamanı İraq Hərbi Hava Qüvvələrinə məxsus “Antonov-132” tipli təyyarə yararsız hala salınıb.
“İki sahil” xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, yerli vaxtla saat 01:55-də Bağdadətrafı ərazilərdən buraxılan 122 millimetrlik “Qrad” tipli raketlərlə şəhid Məhəmməd Əlaa adına hərbi hava bazası hədəfə alınıb. Hadisə zamanı insan itkisi qeydə alınmayıb.
Qeyd edək ki, sözügedən hərbi baza Bağdad Beynəlxalq Hava Limanı ərazisində yerləşir. Hava limanı kompleksində, həmçinin Amerika Birləşmiş Ştatları (ABŞ) səfirliyinə məxsus diplomatik dəstək mərkəzi də fəaliyyət göstərir.
Məlumata görə, son günlər həmin mərkəzdən amerikalıların təxliyəsi həyata keçirilib. Bundan əlavə, şənbə günü axşam saatlarında İraqın hava hücumundan müdafiə qüvvələri ABŞ səfirliyinə doğru hərəkət edən iki pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Xatırladaq ki, ABŞ səfirliyinə qarşı hücumlar martın 18-dən etibarən dayanmışdı. İrana yaxın “Kətaib Hizbullah” qruplaşması martın 19-da müəyyən şərtlər daxilində səfirliyə qarşı hücumların 5 gün müddətinə dayandırıldığını elan etmişdi. Daha sonra bu müddət iki dəfə uzadılıb, cümə axşamı günü isə möhlət bitib.