Avstraliya, Çin, Böyük Britaniya və Avropa İttifaqı (Aİ) daxil olmaqla dünya ticarətinin 70 faizini təmsil edən Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvləri öz aralarındakı sazişi milli qanunvericiliklərində tətbiq edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Qeyd olunub ki, ÜTT-nin Baş direktoru Nqozi Okonco-İveala əldə edilmiş irəliləyişin yeni çağırışlara cavab vermək qabiliyyətindən xəbər verdiyini bildirib.
Bütün ÜTT üzvləri arasında hələ də konsensus əldə olunmadığı üçün təşkilatın 66 üzvü elektron kommersiya haqqında sazişin qüvvəyə minməsi istiqamətində yeni yolla irəliləmək qərarına gəlib.
Elektron kommersiya sahəsində Birgə Bəyanat üzrə Çoxtərəfli Təşəbbüsə (JSI) rəqəmsal axınlar, elektron müqavilələr, həmçinin məxfilik və istehlakçı hüquqlarının qorunması haqqında müddəalar daxildir. Hindistan bu cür razılaşmaların konsensusu pozduğunu iddia edərək, ÜTT çərçivəsində çoxtərəfli sazişin qəbul edilməsini ardıcıl olaraq bloklayır.
İndi Avstraliya, Çin, Böyük Britaniya və Aİ daxil olmaqla dünya ticarətinin 70 faizini təmsil edən iştirakçılar öz aralarındakı sazişi milli qanunvericiliklərində tətbiq edəcəklər.
"Bu gün nazirlər qərar verdilər: gəlin sadəcə irəliləyək", - Cənubi Koreyanın Ticarət naziri Yo Han-ku nəşrə bildirib: "Hamının bütün məsələlər üzrə razılığa gəlməsini gözləməyin. Çünki vaxt həlledici əhəmiyyətə malikdir".
Han-ku bunu praktik yanaşma adlandırıb. "Buna əsasən vaxtı gələndə bizə yeni üzvlər qoşulacaq... və bunun ÜTT-yə inteqrasiyası ilə bağlı konsensus əldə olunacaq",- o bildirib. Onun sözlərinə görə, bu vaxt ərzində saziş üzvlərin ondan faydalana bilməsi üçün mümkün qədər tez həyata keçirilməlidir.
Böyük Britaniyanın Beynəlxalq Ticarət Palatasının Baş katibi Kris Sautvuort bildirib ki, bütün bunlar ÜTT-nin yaxın gələcəkdə çoxtərəfli və ya plürilateral sazişlər bağlamaq iqtidarında olmadığının etirafıdır: "Ölkələr və bloklar irimiqyaslı müqavilələr üzrə danışıqları müstəqil şəkildə aparmalı olacaqlar".
"ÜTT üzvləri altı dəfə JSI-ni ÜTT-yə inteqrasiya etməyə çalışıblar, amma indi bu qeyri-mümkündür", - Avropa Xidmətlər Forumunun İdarəedici direktoru Paskal Kerneys bildirib.
"Buna görə də ÜTT üzvləri Katibliyinin imzaların saxlanma yeri kimi çıxış edəcəyi beynəlxalq müqavilə bağlamaq imkanını müzakirə etmək üçün alternativ variantlar barədə hüquqşünasa müraciət etdilər", - o əlavə edib. "Ümid edirik ki, mübahisə yaranarsa, ÜTT-nin mübahisələrin həlli sistemindən istifadə edəcəyik"."
İndi parlament üzvləri bu qanunvericiliyin həyata keçirilməsi üzrə öz daxili prosedurlarının icrasına başlayacaqlar.