28 mart 2026 16:10
125

Fransanın sənaye sektorunda iş yerlərinin ixtisarı halları artıb

Fransada iş yerlərinin ixtisarı sənaye sektorunda xüsusilə geniş vüsət alıb.

“İki sahil” xəbər verir ki, Fransanın aparıcı həmkarlar ittifaqlarından biri olan Ümumi Əmək Konfederasiyası bununla bağlı xəbərdarlıq edib.

Bildirilib ki, 2023-cü ilin sentyabrından 2026-cı il martın 17-dək qeydə alınan ixtisarların 75 faizi sənaye sektorunun payına düşüb.

Konfederasiya bu məsələni müzakirə etmək üçün Pont-de-Claix şəhərində iclas keçirib. Bu yer təsadüfi seçilməyib. Belə ki, burada yerləşən “Vencorex” kimya müəssisəsində 2025-ci ilin yazında 400 nəfər işini itirib.

Şirkətin fəaliyyətinin qismən bərpası ilə bağlı təklifin “TAE de Lyon” tərəfindən rədd edilməsindən sonra konfederasiyanın baş katibi Sofi Bine vəziyyəti kəskin tənqid edib. O, kommersiya məhkəmələrinin fəaliyyətinin araşdırılması üçün istintaq komissiyasının yaradılmasını tələb edib. “Bu, biabırçılıqdır. Bu, sənayemizin sistemli şəkildə məhv edilməsinin simvoludur”, – deyə o bildirib.