28 mart 2026 15:19
101

Tailanda məxsus tankerlər Hörmüz boğazından keçə biləcək

Tailand hökuməti regional tərəfdaşlarla danışıqlar nəticəsində neft tankerlərinin Hörmüz boğazından təhlükəsiz keçidinə dair razılaşma əldə etdiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Tailandın Baş naziri Anutin Çarnvirakul martın 28-də Banqkokda keçirdiyi mətbuat konfransında məlumat verib.

O, əldə olunan razılaşmanın ölkənin yanacaq idxalı ilə bağlı narahatlığını aradan qaldıracağını deyib. "Bu razılaşmanın qüvvədə olması ilə martın əvvəlində müşahidə olunan fasilələrin təkrarlanmayacağına daha çox inam var", - deyə Baş nazir bildirib.

Qeyd edək ki, Hörmüz boğazından keçən xam neftin və mayeləşdirilmiş təbii qazın (LNG) 80 faizdən çoxu Asiyaya gedir. Cənub-Şərqi Asiyanın böyük bir hissəsi Yaxın Şərqdəki gərginliklə əlaqədar Hörmüz boğazının bağlanması nəticəsində yanacaq təchizatında ciddi çətinliklərlə üzləşib. Martın 26-da Tailandda pərakəndə benzin və dizel yanacağının qiymətləri bir litr üçün 6 baht artıb. Bu da təxminən 18 faizlik artım deməkdir. Tailandın aviasiya şirkətləri yanacaq qiymətlərinin bahalaşması fonunda aprelin 1-dən biletlərin qiymətlərini artırmaq planlarını açıqlayıb. “Bangkok Airways” daxili uçuşlarda biletlərin 15-20 faiz bahalaşacağını, lakin qiymətlərin hökumətin təsdiq etdiyi limit daxilində qalacağını açıqlayıb. Beynəlxalq uçuş biletlərinə isə 50-60 ABŞ dolları arasında əlavə yanacaq haqqı tətbiq ediləcək.