Naxçıvanda Novruz bayramı münasibəti ilə şəhid ailələri üçün “Yurdumuza bahar gəlir” adlı bayram tədbiri keçirilib. Tədbir "Naxçıvan Şəhid Ailələri", İctimai Birliyi, “Ləzzət Group” və “Sirab” ASC-nin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Qəhrəman şəhidlərimizin bizə əmanət etdiyi ailələrinin və övladlarının yanında olmaq məqsədilə təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərimizin əziz xatirəsinə Quran ayələri oxunub.
Şəhid ailələri, ictimaiyyət nümayəndələri və şəhid övladları iştirak etdiyi, birlik və mərhəmət ruhunun yaşandığı görüşdə şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə çıxış edənlər qeyd edib ki, Novruz bayramı xalqımızın birlik, mərhəmət və paylaşma kimi ali dəyərlərini özündə əks etdirir. Ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğı onların sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Zəfər sayəsində bu gün xalqımız Novruz bayramını qalib xalq kimi böyük qürur hissi ilə qeyd edir. Əzəli torpaqlarımız olan Qarabağda həyat yenidən canlanır, genişmiqyaslı quruculuq işləri aparıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Şəhid övladları üçün əyləncəli proqramlar təşkil olunub, musiqili çıxışlar təqdim edilib. Sonda şəhid ailələrinə təşkilatçılar tərəfindən bayram hədiyyələri təqdim olunub.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Bəxtiyar Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi