18 mart 2026 14:16
97

Sabunçu rayonunda şəhid övladları və internat məktəbinin şagirdləri üçün Novruz şənliyi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə şəhid övladları və 1 nömrəli internat məktəbinin valideyn himayəsindən məhrum olmuş uşaqları üçün Novruz bayramına həsr olunmuş bayram tədbiri təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd uşaqlara bayram sevinci yaşatmaq, milli-mənəvi dəyərləri təbliğ etmək və onlara diqqət və qayğının davamlı olduğunu göstərməkdir.

“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib. O, çıxışında bildirib ki, Novruz bayramı birlik, həmrəylik və mərhəmət kimi ali dəyərləri özündə ehtiva edir və bu dəyərlərin gələcək nəsillərə aşılanması xüsusi əhəmiyyət daşıyır. Araz Xudadanov həmçinin vurğulayıb ki, şəhid övladları dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir və onların xoşbəxt, qayğısız böyüməsi hər kəsin mənəvi borcudur.

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Uşaqların iştirakı ilə hazırlanan musiqili kompozisiyalar, milli rəqslər və Novruz adət-ənənələrini əks etdirən səhnəciklər təqdim olunub. Bayramın əsas simvolları olan Kosa və Keçəl iştirakçılara əyləncəli anlar yaşadıb, müxtəlif müsabiqələr və oyunlar təşkil edilib.

Tədbir çərçivəsində uşaqlara bayram hədiyyələri təqdim olunub, onların sevinc dolu anları təşkilatçılar və qonaqlar tərəfindən böyük məmnuniyyətlə qarşılanıb.

Şəhidlərin və qazilərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda iştirakçılar xatirə şəkilləri çəkdirərək bayram əhval-ruhiyyəsini bölüşüblər.