Almaniyada Xidmət İşçilərinin Həmkarlar İttifaqı (Ver.di) Berlin-Brandenburq Aeroportunda və bir neçə əyalətin ictimai nəqliyyat sektorunda çalışan işçiləri xəbərdarlıq tətilinə çıxmağa çağırıb.
“İki sahil” xəbər verir ki, Berlin aeroportunun işçilərinin martın 18-nə planlaşdırılan xəbərdarlıq tətili zamanı hava limanında uçuşların demək olar ki, tam dayanacağı gözlənilir. Tətilin səhər saat 05:00-da başlaması və gecəyarısınadək davam etməsi planlaşdırılır. Hava limanının təxminən 500 əməkdaşı tətilə qoşulmağa çağırılıb. Təhlükəsizlik yoxlamaları, qeydiyyat və baqajın emalı xidmətləri tətilə qoşulmasa da, uçuş-enmə zolaqlarındakı işıq siqnallarının idarə olunması, yanğınsöndürmə və digər xidmətlərin əməkdaşlarının tətilə çıxması gözlənilir.
Martın 19-da isə Bavariya, Şimali Reyn Vestfaliya və Hamburq əyalətlərində avtobus və metro qatarları depolarda qalacaq. Həmkarlar İttifaqının açıqlamasında gün ərzində aparılan danışıqların nəticəsindən asılı olaraq Hessen əyalətində də tətil elan edilə biləcəyi, Bremendəki işçilərin isə tətilə qoşulub-qoşulmamaq barədə növbəti günlərdə qərar qəbul edəcəkləri bildirilib.