Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Elm və Təhsil Nazirliyinin Peşə Təhsili Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində bu ilin ilk “Bootcamp” proqramı baş tutub.
“İki sahil” yazır ki, “Bootcamp”ın əsas məqsədi kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqini təşviq etmək, gənclərin nəzəri biliklərini praktik bacarıqlara çevirməsinə şərait yaratmaq, həmçinin aqrar sahədə startap ekosisteminin inkişafına dəstək olmaqdır.
“Bootcamp” tdəbirində ölkənin 20-yə yaxın ali təhsil müəssisəsi, Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzindən 40 startapçı iştirak edir. Proqramı çərçivəsində iştirakçılara Akselerasiya və İnkubasiya Mərkəzləri, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlər tərəfindən təqdimatlar keçirilib. Eyni zamanda, Cəlilabad rayonunda yerləşən müasir təsərrüfat və müəssisələrə infoturlar təşkil edilib, proqram iştirakçılarına kənd təsərrüfatında innovativ həllərin real mühitdə öyrənilməsi, texnoloji yeniliklərlə yerində tanışlıq və təcrübə qazanmaq imkanı yaradılıb.
“Bootcamp”ın rəsmi açılışında çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Peşə Təhsili Dövlət Agentliyinin direktoru İlqar Bayramlı və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Biznesin İnkişafı Fondunun sədrinin müşaviri Namiq Zeynalov qeyd ediblər ki, proqram gənclərin innovativ bacarıqlarını artırmaq, süni intellekt və innovativ texnologiyaları praktiki şəkildə öyrənmək, peşə bacarıqlarını inkişaf etdirmək və kənd təsərrüfatında sahibkarlığın inkişafına töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edir.
İki gün ərzində davam edən proqram çərçivəsində startapçı gənclər və tələbələr üçün təqdimatlar, fikir mübadiləsi və interaktiv müzakirə sessiyaları təşkil edilib. İştirakçılar həmçinin Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olub, istixana və heyvandarlıq kompleksləri, STEAM Mərkəzinə baş çəkib, mərkəzin təhsil imkanları, praktiki təlim proqramları və peşə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat alıblar.
Proqramın praktik hissəsi çərçivəsində iştirakçılar “Rug Fruit” MMC, “AgroDairy” MMC-nin Cəlilabadda yerləşən təsərrüfatına və fərdi çiyələk sahələrinə baxış keçiriblər. İnfoturlar gənclərə kənd təsərrüfatında süni intellekt və innovativ texnologiyaların real iş şəraitində necə tətbiq olunduğunu izləmək imkanı verib.
Tədbirin iştirakçıları 17 mart tarixində Cəlilabad rayonunda keçiriləcək Aqrar Biznes Festivalında da iştirak edəcək və aqrar sahədə innovativ ideyalarla tanış olacaqlar. Festival həm də gənclərin ideyalarını investorlarla birbaşa paylaşmasına və regionlarda aqrar innovasiyaların daha geniş tətbiqinə şərait yaradacaq.