ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Hörmüz boğazında 100-dən çox İran gəmisinin dənizin dibinə batırıldığını elan edib.
“İki sahil” xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdəki videomüraciətində bildirib.
"100-dən çox İran gəmisi dənizin dibinə batırılıb və bu, hələ hamısı deyil. Xarq adasında 90-dan çox hərbi obyekti məhv edərək bütün bunları mümkün edən 50 min ABŞ hərbçisinə minnətdaram. Bu günədək hərbi hava, hərbi dəniz qüvvələrimiz və Dəniz Piyada Korpusumuz birlikdə 6 mindən çox uçuş həyata keçirib və ABŞ-nin birləşmiş silahlı qüvvələrinin potensialını nümayiş etdirib, çünki biz İran səmasında hava üstünlüyünü qoruyub saxlayırıq", - o qeyd edib.
B.Kuper həmçinin vurğulayıb ki, ABŞ və tərəfdaşlarının zərbələri İranı amerikalılara və öz qonşularına qarşı güc nümayiş etdirmək imkanından məhrum etmək məqsədilə endirilir.
"Biz həmçinin İranın Hörmüz boğazından keçən azad ticarət axınına yaratdığı çoxillik təhlükəni aradan qaldırmağı hədəfləyirik", - o vurğulayıb.