14 mart 2026 19:19
99

UNESCO rəsmisi: Texnologiyalar insanlığa xidmət edən “ağıllı” şəhərlərin qurulmasına yönəlməlidir

Azərbaycan müxtəlifliyin bir araya gəldiyi və qlobal problemlərin müzakirə olunduğu mühüm məkana çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti isə parçalanmış dünyada dialoqun və əməkdaşlığın təşviqinə xidmət edir.

“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində UNESCO-nun İnklüziv və Dayanıqlı Şəhərlər üzrə Beynəlxalq Koalisiyasının sədri, Avropa Şəhərlərinin İrqçiliyə Qarşı Koalisiyasının prezidenti Benedetto Zacchiroli deyib. O bildirib ki, Bakı qlobal miqyasda fikir mübadiləsi aparılan açıq dialoq məkanına çevrilib. Yaxın aylarda Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu da müxtəlif ölkələrdən insanların bir araya gələrək şəhərlərin gələcəyini müzakirə etməsi üçün mühüm imkan yaradacaq.

Forumda əsas müzakirə mövzularından birinin mənzil məsələsi olacağını qeyd edən B.Zacchiroli deyib: “Hazırda dünyada təxminən üç milyard insan adekvat yaşayış şəraitinə malik deyil. Bu, artıq qlobal miqyasda təxirəsalınmaz problemə çevrilib və onun həlli üçün beynəlxalq səviyyədə birgə addımlar atılmalıdır”.

UNESCO rəsmisinin sözlərinə görə, “ev” anlayışı yalnız yaşayış məkanı deyil, həm də sabitlik və gələcək deməkdir: “İnsanlar ölkələrinə qayıdarkən “evə qayıdıram” deyirlər. Lakin dünyada milyonlarla insan var ki, bunu demək imkanından məhrumdur. Ona görə də insanların özlərini evində hiss etməsi üçün şərait yaratmaq qlobal prioritet olmalıdır”.

Müsahibimiz əlavə edib ki, şəhərsalma prosesi sürətlə davam edir və proqnozlara görə, 2050-ci ilə qədər dünya əhalisinin 68 faizi şəhərlərdə yaşayacaq. Bu səbəbdən şəhərlərin daha dayanıqlı və ağıllı şəkildə inkişaf etdirilməsi vacibdir.

“Biz texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Lakin əsas prinsip ondan ibarət olmalıdır ki, texnologiyalar insanlığa xidmət etsin. “Ağıllı” şəhərlər məhz texnologiyanın insanların rifahı üçün istifadə edildiyi şəhərlərdir”, – deyə UNESCO rəsmisi vurğulayıb.