Mən elə bir regionda çalışıram ki, burada müsbət xəbərlərin sayı mənfi xəbərləri üstələyir. Mərkəzi Asiya regionu həm daxili, həm də xarici amilləri nəzərə alaraq, sıx əməkdaşlığın real faydalar verdiyini əyani şəkildə nümayiş etdirir. Təbii ki, hər bir qonşu dövlətin özünəməxsus çağırışları - iqtisadi rəqabət və bazarda dominantlıq uğrunda mübarizə kimi məsələlər mövcuddur. Lakin bu ölkələr sürətlə dəyişən dünyada öz mövqelərini qorumaq üçün birgə addımlamaq məcburiyyətindədirlər.
“İki sahil” xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumu çərçivəsində Belçikanın sabiq Baş naziri İv Letermin moderatorluğu ilə keçirilən xüsusi sessiyada Avropa İttifaqının (Aİ) Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprays deyib.
O, iqlim dəyişikliyi, xüsusilə də su resurslarının idarə olunmasının Mərkəzi Asiya üçün strateji əhəmiyyət kəsb edən ən böyük problemlərdən biri olduğunu bildirib. "Region əhalisi suyun həyati əhəmiyyətini dərindən dərk edir. Bu səbəbdən dayanıqlı inkişafa nail olmaq üçün ölkələr suyun səmərəli istifadəsi istiqamətində səylərini birləşdirməlidirlər", - deyə əlavə edib.
Avropa və digər regionlar üçün Mərkəzi Asiyanın əhəmiyyətinin getdikcə artdığını diqqətə çatdıran Aİ-nin xüsusi nümayəndəsi bu region arasında yerləşən Azərbaycan kimi dövlətlərin ümumi təhlükəsizlik arxitekturasının mühüm tərkib hissəsi olduğunu vurğulayıb. "Regionun sabitliyi, təhlükəsizliyi və rifahı bizim üçün prioritet məsələlərdir. Biz maraqlarımızı iqtisadi inkişafa yönəldirik. Avropada miqrasiya prosesləri geniş vüsət alıb və biz nizamsız miqrasiya axınında maraqlı deyilik. Əsas məqsədimiz tənzimlənən miqrasiya mexanizmlərini qurmaqdır", - deyə qonaq bildirib.
Mərkəzi Asiyada demoqrafik vəziyyətin olduqca müsbət və burada böyük potensiala malik, savadlı gənc kadrların yetişdirildiyini deyən Eduards Stiprays regiona investisiya yatırılmasını və yeni iş yerlərinin açılmasını dəstəklədiklərini, bunun da Avropa şirkətlərinin maraqlarına tam uyğun olduğunu söyləyib.
"Bu kontekstdə üç əsas istiqaməti xüsusilə vurğulamaq istərdim: "Global Gateway" təşəbbüsü çərçivəsində ayrılan 12 milyard avro məbləğində vəsait bu məqsədlərə xidmət edir. Bunun 3 milyard avrosu birbaşa nəqliyyat bağlantılarına, xüsusilə Azərbaycanın əsas çıxış nöqtəsi olduğu Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna yönəldilib. Digər 6 milyard avro iqlim və enerji layihələrinə, 2.5 milyardlıq investisiya paketi ticarət, rəqəmsal transformasiya və təchizat platformalarının təkmilləşdirilməsinə xərclənəcək", - deyə o qeyd edib.
Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatıb
Prezidentin köməkçisi Çinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi ilə görüşüb