Dünya bu gün yolayrıcındadır və bəşəriyyət indiyədək üzləşdiyi ən ciddi çağırışlarla qarşı-qarşıyadır. Ən təhlükəli məqam isə insanların getdikcə ümidini itirməsidir. Belə bir şəraitdə ümid işığını yandırmaq vacibdir və Qlobal Bakı Forumu məhz bu ümidin simvoludur.
“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində XIII Qlobal Bakı Forumunun iştirakçısı, 2014-cü il Nobel Sülh Mükafatı laureatı Kailaş Satyarti deyib.
Kailaş Satyarti bildirib ki, bu Forum kimi platformalar insanların bəşəriyyətin taleyi ilə bağlı narahat olduğunu göstərir. “Burada toplaşan insanlar problemlərin nə olduğunu anlayır, onların həlli üçün ideyalar irəli sürür və bu istiqamətdə fəal işləyirlər. Bu cür görüşlər çox vacibdir. Lakin bundan da vacibi müharibələrə, zorakılıqlara, soyqırımlarına və ədalətsizliklərə qarşı daha ucadan danışmaqdır”, – deyə Nobel laureatı bildirib.
K.Satyarti qeyd edib ki, dialoq və müzakirələr mühüm əhəmiyyət kəsb etsə də, həqiqəti açıq şəkildə söyləmək və onu güc sahiblərinin diqqətinə çatdırmaq daha böyük əhəmiyyət daşıyır.
K.Satyarti, həmçinin vurğulayıb ki, iqlim böhranı əslində iqlim ədalətsizliyinin nəticəsidir. Nobel laureatının sözlərinə görə, son 25 ildə dünyanın ən varlı 1 faizi atmosferə buraxılan karbon qazının həcminə görə planetdəki ən yoxsul 50 faiz əhalini geridə qoyub.
“Bu, sürətlə dərinləşən böyük ədalətsizlikdir. Əsas məsuliyyət ən varlı və ən sənayeləşmiş ölkələrin üzərinə düşür. Onlar yalnız bəyanatlarla kifayətlənməməli, real addımlar atmalıdırlar. Rio konfransından başlayaraq Paris sazişinə və COP görüşlərinə qədər qəbul olunan sənədlər vacibdir, lakin bu, kifayət deyil. Biz daha səmimi olmalıyıq”, – deyə K.Satyarti əlavə edib.
Nobel mükafatı laureatı qeyd edib ki, Yer kürəsi, su, hava, okeanlar, dağlar və meşələr bu gün ciddi təzyiq altındadır və bəşəriyyət təbiətə qarşı daha məsuliyyətli və mərhəmətli yanaşmalıdır.
“Planetə və təbiətə qarşı mərhəmət göstərmək həm bəşəriyyətin, həm də Yer kürəsinin gələcəyi üçün həyati əhəmiyyət daşıyır”, – deyə Kailaş Satyarti vurğulayıb.
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək