Almaniyanın Aşağı Saksoniya əyalətindəki Asse nüvə tullantıları anbarından radioaktiv tullantıların çıxarılmasına başlanması qeyri-müəyyən müddətə təxirə salınıb.
“İki sahil” “Spiegel” nəşrinə istinadla xəbər verir ki, nüvə tullantılarının saxlanması üzrə Federal Cəmiyyət (BGE) layihədə çoxsaylı qeyri-müəyyənliklərin olduğunu, buna görə də radioaktiv tullantıların çıxarılmasına başlanmasının yeni tarixi barədə hazırda dəqiq məlumatın verilməsinin mümkün olmadığını bildirib.
Aşağı Saksoniyada yerləşən Asse şaxta kompleksində 1960-1970-ci illərdə yerləşdirilmiş təxminən 126 min çəllək radioaktiv tullantı saxlanılır. Geoloji baxımdan qeyri-sabit hesab edilən anbarın gələcəkdə su ilə dolması riski olduğu üçün bu tullantıların geri çıxarılması və obyektin bağlanması nəzərdə tutulur. BGE-nin planına əsasən, tullantıların çıxarılmasına 2033-cü ildə başlanması planlaşdırılırdı. Həmin vaxt layihənin başlanmasına qədər olan xərclər 3 milyard avrodan çox qiymətləndirilmişdi. Sonradan aparılan qiymətləndirmələr nəticəsində əvvəlki planın kifayət qədər detallı əsaslandırmadığı müəyyən olunmuşdu.
Aşağı Saksoniyanın ətraf mühit naziri, Yaşıllar Partiyasından olan Xristian Meyer vəziyyəti tənqid edərək bildirib ki, Bundestaqın qərarı ilə nəzərdə tutulan Asse anbarının boşaldılması prosesi qeyri-müəyyən vaxta təxirə salınmamalıdır. O, federal hökuməti BGE-nin qanunun tələblərini yerinə yetirməsini təmin etməyə çağırıb.