14 mart 2026 14:53
122

Kamaləddin Qafarov: Bakı beynəlxalq müzakirə platformasına çevrilir

“Martın 12-də Bakıda, Gülüstan Sarayında öz işinə başlayan XIII Qlobal Bakı Forumu qlobal siyasi dialoq üçün mühüm platforma kimi növbəti dəfə beynəlxalq diqqəti Azərbaycan paytaxtına yönəltdi”.

“İki sahil” xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Prezident İlham Əliyevin himayəsi ilə keçirilən forum bu il “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusu ətrafında müzakirələrə həsr olunub. “Prezidentin açılış mərasimində səsləndirdiyi fikirlər müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan ziddiyyətlərə və regional sülh təşəbbüslərinə dair mühüm mesajlar ehtiva edirdi.”

Millət vəkili dünyada artan geosiyasi gərginlik fonunda münaqişələrin həllinə yanaşmada ikili standartların mövcudluğunu vurğulayıb və əlavə edib ki, bu problem bu gün beynəlxalq gündəliyin ən çox müzakirə olunan məsələlərindən biridir: “Təsadüfi deyil ki, cənab Prezident öz çıxışında diqqəti, ilk növbədə, məhz bu problemə yönəldərək qeyd etdi ki, bir çox hallarda qlobal institutlar və beynəlxalq aktorlar münaqişələrə münasibətdə seçici davranış sərgiləyirlər. Bu isə bəzi regionlarda uzunmüddətli ədalətsizliklərin və humanitar fəsadların yaranmasına səbəb olur. Azərbaycanın timsalında da belə bir vəziyyət uzun illər davam edib. Ölkənin ərazilərinin əhəmiyyətli hissəsinin işğal altında qalması və bu müddətdə milyonlarla insanın doğma yurdlarından didərgin düşməsi beynəlxalq ictimaiyyətin passiv yanaşmasının nəticələrindən biri kimi qiymətləndirilə bilər. Lakin bu mərhələ Azərbaycan üçün artıq bir keçmişdir. Bu gün ölkəmiz artıq regionda yeni reallıqların formalaşmasına töhfə verən əsas aktorlardan biridir. Xüsusilə Ermənistan ilə münasibətlərdə son dövrdə müşahidə olunan nisbi sabitlik regionda sülh gündəliyinin real nəticələr verdiyini göstərir. Bir müddət əvvəl əldə olunan razılaşmalar yalnız diplomatik sənəd kimi deyil, həm də praktiki müstəvidə özünü göstərməyə başlayıb. Sərhəd bölgələrində gərginliyin azalması, qarşılıqlı itkilərin və silahlı insidentlərin dayandırılması Cənubi Qafqazda yeni mərhələnin başlanğıcından xəbər verir. Azərbaycanın sülhə sadiqliyi təkcə siyasi bəyanatlarla deyil, həm də konkret addımlarla təsdiqlənir. Humanitar və iqtisadi əlaqələrin bərpası istiqamətində atılan addımlar regionda etimad mühitinin formalaşmasına xidmət edir. Ermənistanın müxtəlif istiqamətlərdən təminat imkanlarının genişləndirilməsi, ticarət əlaqələrinin bərpası və enerji məhsullarının ixracı kimi təşəbbüslər Azərbaycanın konstruktiv mövqeyini nümayiş etdirir. Bu yanaşma regionun gələcək inkişafının qarşılıqlı əməkdaşlıq üzərində qurulmalı olduğunu göstərən mühüm mesajdır. Ümumiyyətlə isə, XIII Qlobal Bakı Forumunda səsləndirilən fikirlər bir daha göstərir ki, Azərbaycan dəyişən dünya nizamında dialoq və əməkdaşlıq təşəbbüslərinin fəal tərəfdarı kimi çıxış edir. Qlobal səviyyədə fikir ayrılıqlarının artdığı bir dövrdə Bakının beynəlxalq müzakirə platformasına çevrilməsi ölkənin diplomatik nüfuzunun artdığını nümayiş etdirir” .