Martın 13-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən 2026-cı il üzrə qrant müsabiqələrinin qalibləri ilə görüş təşkil olunub.
Fonddan “İki sahil”ə bildirilib ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli və digər məsul şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev və Agentliyin İdarə Heyətinin sədri Aygün Əliyeva qalibləri təbrik edərək onlara uğurlar arzulayıblar. Çıxışlar zamanı layihələrin icrası, hesabatlılığın təmin edilməsi və müvafiq qaydalara əməl olunması barədə zəruri tövsiyələr diqqətə çatdırılıb. Eyni zamanda, seçim mərhələsində hər zaman olduğu kimi, yüksəkkeyfiyyətli və cəmiyyət üçün faydalı layihələrin dəstəklənməsinə üstünlük verildiyi xüsusi vurğulanıb.
Daha sonra tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev göstərdikləri dəstəyə görə Prezident Administrasiyasına, eyni zamanda mina və PHS problemlərinə dair birgə qrant müsabiqəsinin təşkilinə, eləcə də layihələrin ekspertizası və qaliblərin seçim mərhələsində göstərdikləri yüksək peşəkarlığa görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə dərin minnətdarlığını bildirib.
R.Hacıyev qeyd edib ki, müsabiqəyə gözləniləndən daha çox sayda layihə təklifinin daxil olması artıq sektor üzrə sağlam rəqabət mühitinin formalaşdığını nümayiş etdirir. Bu amil təqdim olunan layihələrin keyfiyyətinin yüksəlməsinə, eləcə də ümumilikdə vətəndaş cəmiyyəti institutlarının inkişafına müsbət təsir göstərir.
Sədr əlavə edib ki, bu istiqamətdə əməkdaşlığın gələcəkdə də davam etdirilməsi planlaşdırılır və pilot layihənin nəticələri növbəti mərhələlərdə ayrılacaq resursların həcminə də təsir göstərə bilər.
Rəhman Hacıyev xüsusi olaraq vurğulayıb ki, ərazilər minadan tam təmizlənmədən bölgədə dirçəliş və dayanıqlı məskunlaşma mümkün deyil, məhz bu səbəbdən seçilmiş layihələrin uğurlu icrası Fondun bu istiqamətdəki fəaliyyətinə mühüm töhfə verəcək. İdarə Heyətinin sədri qaliblərə gələcək fəaliyyətlərində və layihələrin icrasında uğurlar arzulayıb.
Görüş çərçivəsində QHT nümayəndələrini maraqlandıran çoxsaylı suallar ətraflı cavablandırılıb, təşkilati və texniki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, mina və partlamamış hərbi sursatlar (PHS) probleminə dair qrant müsabiqəsinin nəticələri ilə Fondun və Agentliyin rəsmi saytına daxil olaraq tanış ola bilərsiniz.