16 mart 2026 01:45
108

Ürəyinizin sağlam olmasını istəyirsinizsə...

Yeni bir araşdırmanın nəticəsi göstərir ki, yatmazdan üç saat əvvəl işıqları azaltmaq və qida qəbulunu dayandırmaq ürək-damar xəstəlikləri riski olan yetkinlərdə qan təzyiqi, ürək ritmi və qanda şəkərin tənzimlənməsinə müsbət təsir göstərə bilər.

Tədqiqatçılar gecə saatlarında qida qəbulunun məhdudlaşdırılmasının insanın təbii yuxu–oyanıqlıq ritmi ilə uyğunluğunu artırıb-artırmadığını və bunun ürək-damar sistemi ilə metabolik proseslərə necə təsir göstərə biləcəyini araşdırıblar. Araşdırmanın əsas məqsədi qidalanma vaxtının dəyişdirilməsinin orqanizmin bioloji ritmləri ilə əlaqəsini və bunun ürək sağlamlığına potensial təsirlərini qiymətləndirmək olub.

Əvvəlki elmi araşdırmalar göstərir ki, sirkadiyen ritm adlanan bədənin daxili bioloji saatı orqanizmdə bir çox proseslərin tənzimlənməsində mühüm rol oynayır. Metabolik sağlamlığın pozulması isə 2-ci tip şəkərli diabet, qaraciyər və ürək-damar problemləri kimi xroniki xəstəliklərin riskini artırır.

ABŞ-ın Northwestern Universitetinin Tibb fakültəsinin tədqiqatçıları günün son qida qəbulunun vaxtının ürək və metabolik sağlamlıq üçün necə optimallaşdırıla biləcəyini araşdırıblar. 7,5 həftə davam edən araşdırmada artıq çəki problemi olan 39 nəfər iştirak edib. Onlar yatmazdan ən azı üç saat əvvəl qida qəbulunu dayandıran qrupla, əvvəlki qidalanma vərdişlərini davam etdirən iştirakçılarla müqayisə olunub. Tədqiqat çərçivəsində iştirakçılar iki qrupa bölünüb. Bir qrup gecə saatlarında 13-16 saat oruc tutub, digər qrup isə əvvəlki kimi 11-13 saatlıq oruc müddətini saxlayıb. Hər iki qrup yatmazdan üç saat əvvəl işıqları azaltmaq qaydasına əməl edib. Bu tədbirin bədənin sirkadiyen ritmini təbii işıq və qaranlıq ritminə daha yaxşı uyğunlaşdırdığı bundan əvvəlki araşdırmalarda da müəyyən edilmişdi.

Alimlər bu araşdırmada insanların qəbul etdiyi kalori miqdarını azaltmağa deyil, yalnız qida qəbulunun vaxtını dəyişdirməyə diqqət yetiriblər. Nəticələr göstərib ki, son qida qəbulunun vaxtını erkən saatlara çəkən iştirakçılarda gecə qan təzyiqi və nəbz sürəti nəzərəçarpacaq dərəcədə azalıb. Bundan əlavə, alimlər müəyyən ediblər ki, qlükoza qəbul edildikdə mədəaltı vəz daha effektiv reaksiya verir. Bu isə insulin ifrazının yaxşılaşmasına və qanda şəkərin səviyysinin daha sabit qalmasına kömək edir.

Araşdırmanın nəticələri “Arteriosclerosis, Thrombosis, and Vascular Biology” adlı elmi jurnalda dərc olunub. Tədqiqatın müəlliflərindən biri, alim Daniela Grimaldi bildirib ki, oruc müddətini bədənin təbii yuxu-oyanıqlıq ritmi ilə uyğunlaşdırmaq ürək, metabolizm və yuxu arasında koordinasiyanı yaxşılaşdıra bilər.

Tədqiqatçılar qeyd ediblər ki, daha erkən saatlarda yemək və oruc müddətinin böyük hissəsini yuxu vaxtına uyğunlaşdırmaq xüsusilə yüksək risk qrupuna daxil olan insanlar üçün tətbiqi asan bir dəyişiklikdir və qidalanma rejimində radikal dəyişikliklərə alternativ yanaşma hesab oluna bilər. Alimlərin fikrincə, sağlamlıq üçün yalnız nə qədər və nə yediyimiz deyil, həm də qidanın nə vaxt qəbul edildiyi böyük əhəmiyyət daşıyır. Tədqiqat qrupu gələcəkdə bu yanaşmanın faydalarını daha genişmiqyaslı araşdırmalarla təsdiqləməyi planlaşdırır.

Şahnigar Əhmədova, “İki sahil”