13 mart 2026 18:02
217

Azərbaycana qarşı ərazi iddiası Ermənistan Konstitusiyasından çıxarılacaqmı?

Azərbaycan işğal olunmuş əraziləri güc vasitəsilə azad etdi və sülhə siyasi yollarla nail oldu. Artıq yeddi aydır sülh şəraitində yaşayırıq: sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, heç bir qurban və itki yoxdur. Üstəlik, Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Bundan əlavə, Azərbaycan Ermənistana neft məhsullarının təchizatına başlayıb.  Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib və bu proses davam etməkdədir. Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək, eyni zamanda, ölkəmiz üzərindən keçən beynəlxalq nəqliyyat və tranzit marşrutlarının şaxələndirilməsinə xidmət göstərəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) – Zəngəzur dəhlizinin əsası qoyulub.

Şübhəsiz, bütün bunlar barışığa dəlalət edən ən yaxşı göstəricilərdir. Yeri gəlmişkən qeyd edək ki, 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə Görüşünün nəticələri və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.  Bu da Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sülh strategiyasının artıq real nəticələr verməsi deməkdir.

Bu, həm də Azərbaycanla Ermənistan arasında sülhün yalnız kağız üzərində əldə edilmədiyini bir daha sübut edir. Yəni, onilliklər boyu davam edən Ermənistan-Azərbaycan münaqişəsi artıq tarixə qovuşub, real həyatda sülh təmin olunub. Prezident İlham Əliyevin “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirdiyi kimi, biz artıq sülhün üstünlüklərini görürük: “Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur”. Ermənistanın baş naziri Nikol Paşinyanın Strasburqda səsləndirdiyi fikirləri İrəvanın da yeni reallıqları qəbul etdiyi kimi qəbul etmək olar: “Təhlükəsizliyin yeganə qarantı sülhdür. Sülhdən daha etibarlı qarant yoxdur. Düşünürəm ki, bu məntiqə daha çox fokuslanmalıyıq". 

Amma hələ də əsas məsələ, yəni sülh müqaviləsinin imzalanması, onun hüquqi çərçivəyə salınması həllini tapmayıb. Bu da Ermənistanın Konstitusiyasında İstiqlaliyyət Bəyannaməsinə istinadla bağlıdır. Belə ki, orada “qondarma Dağlıq Qarabağ və Ermənistan birləşməlidir” məzmunlu paraqraf yer alıb. Bu da Azərbaycana ərazi iddiasıdır. Elə bu səbəbdən Azərbaycan Ermənistan Konstitusiyasından həmin iddianın çıxarılmasını sülh sazişinin imzalanması üçün yeganə şərt olduğunu bildirib. Hətta rəsmi Bakı birmənalı və ardıcıl mövqe sərgiləyərək dəfələrlə bəyan edib ki, Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh sazişinin imzalanması yalnız Ermənistanın əsas qanununda müvafiq dəyişikliklər edildikdən sonra mümkündür. Çünki O, faktiki olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipləri ilə ziddiyyət təşkil edir və gələcəkdə sülhü  hüquqi baxımdan risk altına salır.

Deyəsən, bu məsələ də həllini tapmaqdadır. Belə ki, baş nazir Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib ki, Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub: “Biz bu məntiqlə müstəqil dövlət qura bilmərik. Yeni Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır”. Paşinyan vurğulayıb ki, Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün səssiz və sakit diplomatik işlər aparılır: “Bu müqavilənin imzalanacağına şübhə etmirəm. Ermənistanda sülh əldə olunmasını istəməyən qüvvələr var. Biz, Ermənistan vətəndaşları sülhün qayğısına qalmalı və onu dönməz hala gətirməliyik”. Bu isə o deməkdir ki, artıq Paşinyan da məlum qüvvələrin, ölkəni fəlakətə sürükəmək istəyənlərin etirazlarına baxmayaraq, Konstitusiyanın dəyişdirilməsinin günün tələbi olduğunun fərqindədir. Bir məsələni də vurğulayaq ki, belə ab-havada olanların, yəni sülhə doğru atılan addımları həzm edə bilməyənlərin uğur qazanmaq ehtimalı olduqca zəifdir. Çünki sadə erməni artıq dərk edir ki, müharibə, revanşizm və qonşulara qarşı saxta iddialar ölkəyə və onun gələcəyinə heç nə vəd etmir. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanda konstitusiya referendumunun vaxtı hələ müəyyən edilməyib. Onun iyun ayında keçiriləcək parlament seçkilərindən sonra baş tutacağı gözlənilir.

Qvami Məhəbbətoğlu, “İki sahil”