13 mart 2026 18:36
92

Ölkəmizin üçüncü ən böyük ticarət tərəfdaşı

Münasibətlərin hazırkı səviyyəsi Azərbaycan-Çin əməkdaşlığında yeni bir inkişaf mərhələsinin başlandığını göstərir, bir çox istiqamətlərdə gələcəyə doğru birgə irəliləmək əzmini ortaya qoyur

Çin Xalq Respublikası ilə münasibətlərin inkişafı hələ müstəqilliyin ilk illərində Azərbaycanın xarici siyasətində əhəmiyyətli yer tutub. Qlobal müstəvidə böyük gücə malik olan, dünya iqtisadiyyatında xüsusi rol oynayan, çox maraqlı və səmərəli inkişaf modeli yaradan Çinlə əlaqələrin inkişafına mühüm önəm verilib. Eyni zamanda, böyük güc kimi regionda müəyyən iqtisadi-siyasi maraqları olan, xüsusilə bölgəmizin kommunikasiya potensialına həssas yanaşan Çin də Azərbaycanla münasibətlərin gücləndirilməsinə hər zaman diqqət göstərib. Bu münasibətlərin Azərbaycan və Çin dövlətlərinin milli maraqları çərçivəsində, bərabərhüquqlu əsaslarla qurulması, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanması ölkəmizdə Çinə rəğbət yaradan amillərdəndir. Münasibətlərin hazırki səviyyəsi Azərbaycan-Çin əməkdaşlığında yeni bir inkişaf mərhələsinin başlandığını göstərir, bir çox istiqamətlərdə gələcəyə doğru birgə irəliləmək əzmini ortaya qoyur. Hər iki ölkənin mövqe yaxınlığı, gələcəyə birgə aydın baxışı, mövcud potensialdan sosial-iqtisadi inkişaf, sülh və təhlükəsizlik, insanların rifahı naminə faydalanmaq istəyi regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsindən duyulur. Beynəlxalq gündəliyə aid təməl məsələlərdə suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq və s. mövzularda Azərbaycanla Çinin mövqeləri tam üst-üstə düşür. İqtisadi əməkdaşlıq məsələlərində də ölkələrimizin mövqeləri uzlaşır. Hər iki dövlət mövcud geopolitik reallıqlardan istifadə edərək yeni sosial-iqtisadi dəyərlər yaratmağa çalışır.

Ölkələrimiz arasında ticarətin həcmi də getdikcə genişlənir, bu sahədə mövcud olan böyük potensialdan istifadə üçün ardıcıl addımlar atılır. Yeni strateji nəqliyyat marşrutu layihələri bir tərəfdən Azərbaycan-Çin münasibətlərinin daha da inkişafı, digər tərəfdən də böyük sosial-iqtisadi faydalar, regional təhlükəsizlik, sabitlik, dayanıqlı inkişaf üçün mühüm pespektivlər yaradır. Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" ideyası bu strateji layihələr arasında xüsusi yer tutur. Məlumat üçün bildirək ki, "Bir kəmər, bir yol" Çin hökumətinin 2013-cü ildə 70-ə yaxın ölkəyə və beynəlxalq təşkilata sərmayə yatırmaq məqsədilə qəbul etdiyi qlobal infrastruktur inkişaf layihəsidir. Layihə Çinin xarici siyasətinin əsas istiqamətlərindən  sayılır. Belə bir təşəbbüs ilk dəfə 2013-cü ilin sentyabrında Qazaxıstanda "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan olunmuş, sonrakı dövrlərdə isə layihə "Bir kəmər, bir yol" kimi tanınmağa başlamışdır. Strategiya iki əsas inkişaf istiqamətini özündə birləşdirir. Bunlardan biri "İpək Yolu İqtisadi Kəməri"dir. Bu, Çinin Qərb bölgələrindən başlayıb Mərkəzi Asiyadan keçən məşhur tarixi ticarət yolları boyunca davam etməli olan avtomobil və dəmir yolu nəqliyyatı yollarını nəzərdə tutur. Strategiyanın digər istiqaməti isə "Dəniz İpək Yolu" layihəsidir. Bu istiqamət Hind və Sakit okeanları üzərindən Cənub-Şərqi Asiyadan Cənubi Asiyaya, Yaxın Şərqə və Afrikaya gedən dəniz yollarını əhatə edir. Belə bir qlobal ideyanın reallaşması malların Şərqdən Qərbə və əks istiqamətə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizi yaratmış olacaq. Layihə çox böyük miqyasda infrastrukturu, o cümlədən gəmilər üçün limanları, hava limanlarını, binaları, dəmir yollarını, avtomobil yollarını, su bəndlərini, elektrik stansiyalarını, tunelləri, logistika mərkəzlərini və s. əhatə edir.

Azərbaycan "Bir kəmər, bir yol" təşəbbüsünə Qafqaz regionunda dəstək verən, özü də bu dəstəyi hazır mükəmməl infrastrukturla reallaşdıran ilk ölkədir. Prezident İlham Əliyevin hələ 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu" imzalanıb. 2019-cu il yanvarın 22-də isə Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Bir kəmər, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı" mövzusunda sessiya keçirilib.

"Bir kəmər, bir yol" təşəbbüsünün rəsmi Pekin üçün əhəmiyyəti o qədər böyükdür ki, hətta 2017-ci ildə bu təşəbbüs Çin Xalq Respublikasının Konstitusiyasına daxil edilib. Çin hökuməti bu təşəbbüsü "regional əlaqələri gücləndirmək və daha parlaq bir gələcəyi əhatə etmək üçün bir cəhd" adlandırır. Layihənin tam reallaşması üçün qarşıya qoyulmuş hədəf 2049-cu ildir. Bu tarix təsadüfi deyil. Həmin il Çin Xalq Respublikasının əsasının qoyulmasının 100 ili tamam olur və rəsmi Pekin həmin əlamətdar tarixi bu meqalayihənin reallaşması ilə qeyd etmək niyyətindədir.

Çinlə səmərəli əməkdaşlıq münasibətləri regionun lideri olan Azərbaycanın bölgəmizdə daimi sülhün, təhlükəsizliyin, dayanıqlı inkişafın təmin edilməsi ilə bağlı maraqlarına tam uyğundur. Ölkəmiz bu layihənin uğurlarına qapı açan infrastrukturunu daha da inkişaf etdirir. Bakı Beynəlxalq Ticarət Limanı genişləndirilir, Şərqdən-Qərbə daşınan yüklərin həcminin artmasına paralel olaraq yükaşırma baxımından hər hansı problemlərin yaranmaması üçün əlavə imkanlar yaradılır. Təsadüfi deyil ki, Çin Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşıdır. Belə ki, 2026-cı ilin yanvarında Çin və Azərbaycan arasında ticarət dövriyyəsi 420 milyon ABŞ dollarına çatıb və nəticədə Pekin Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşı olub. Çinin Azərbaycandakı səfiri Lu Mey keçirdiyi brifinqdə bildirib ki, ikitərəfli əlaqələrin səviyyəsinin yüksəlməsi sayəsində ölkələrimiz arasında iqtisadi və ticarət əməkdaşlığı nəzərəçarpacaq və dinamik artım nümayiş etdirir: “Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 2025-ci ildə 30,2 faiz artaraq 4,87 milyard ABŞ dollarına çatıb və bu, ardıcıl olaraq üçüncü dəfə əldə olunmuş rekord göstəricidir. 2026-cı ilin yanvarında Çin və Azərbaycan arasında ticarət dövriyyəsinin 420 milyon ABŞ dollarına çatması nəticəsində Çin ilk dəfə Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşı olub".

Səfirin sözlərinə görə, iki ölkə arasında təkcə ticarət dövriyyəsi sürətlə artmayıb, həm də praktiki əməkdaşlığın keyfiyyəti və səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. "Çin şirkətləri Azərbaycanda bərpa olunan enerji, avtomobilqayırma, informasiya və kommunikasiya texnologiyaları, eləcə də tikinti materialları istehsalı sahələrində layihələri fəal şəkildə həyata keçirirlər. Çin və Azərbaycan "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində yüksək keyfiyyətli əməkdaşlığı birgə təşviq edirlər", - Lu Mey əlavə edib. O, həmçinin yanvarın 8-də Çin şirkəti tərəfindən inşa edilmiş "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının açılış mərasimində iştirak etdiyini xatırladıb: "Bu, Cənubi Qafqazda ən böyük külək enerjisi layihəsidir və onun 300 mindən çox ailəni elektrik enerjisi ilə təmin edəcəyi, karbon qazı emissiyalarını 400 min ton azaldacağı, Azərbaycanın və regionun dayanıqlı inkişafına mühüm töhfə verəcəyi gözlənilir. Prezident İlham Əliyevin ilin əvvəlində yerli KİV-ə müsahibəsində qeyd etdiyi kimi, Çinlə praqmatik əməkdaşlıq Azərbaycanın strateji qərarı idi və layihələrin icrası zamanı nümayiş etdirilən peşəkarlıq, keyfiyyət və sürət bu seçimin doğru olduğunu təsdiqləyir".

Sevinc Azadi, “İki sahil”