13 mart 2026 07:54
99

ABŞ Rusiyaya bir ay müddətinə tankerlərdən neft satmağa icazə verib

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiyaya 12 mart tarixinə qədər gəmilərə yüklənmiş neft və neft məhsullarının satılmasına dair lisenziya verib.

“İki sahil” xəbər verir ki, lisenziya 12 mart - 12 aprel tarixləri arasında etibarlıdır.

"12 mart 2026-cı il tarixinə gəmilərə yüklənmiş Rusiya mənşəli xam neft və neft məhsullarının tədarükü və satışına icazə verən 134 saylı ümumi lisenziya", - sənəddə deyilir.

ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, satış icazəsi yalnız artıq tranzitdə olan neftə aiddir. Verilən lisenziyanın məqsədi mövcud yanacaq tədarükünün qlobal əhatə dairəsini artırmaqdır: "Bu dar hədəfli qısamüddətli tədbir Rusiya hökumətinə əhəmiyyətli maliyyə faydası gətirməyəcək".

Vurğulanıb ki, qərar İranla bağlı heç bir əməliyyata şamil edilmir: "Bu ümumi lisenziya, icra sərəncamı ilə qadağan edilmiş heç bir əməliyyata və ya fəaliyyətə, o cümlədən İran, İran hökuməti və ya bu ölkədən gələn mal və ya xidmətlərlə bağlı hər hansı əməliyyata və ya fəaliyyətə icazə vermir".