12 mart 2026 12:38
121

Bakı platforması məqbul həll yolları üzərində işləməyə imkan yaradır - Fransisko Qamboa

Azərbaycanın təşkilatçılığı ilə Qlobal Bakı Forumunun keçirilməsi ölkənin açıq dialoqa hər zaman hazır olduğunu nümayiş etdirir. Dünyada geosiyasi gərginliklərin artması fonunda iqtisadi qeyri-müəyyənliklər daha da genişlənir. Bu vəziyyət çoxtərəfli əməkdaşlığa mənfi təsir göstərir.

“İki sahil” xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumunun açılış mərasimində Kosta-Rika Respublikasının seçilmiş Birinci vitse-prezidenti Fransisko Qamboa deyib.

O qeyd edib ki, Azərbaycanın təqdim etdiyi bu platforma fərqli fikirlərə malik şəxslərin bir araya gələrək bütün tərəflər üçün məqbul həll yolları üzərində işləməsinə imkan yaradır. Çünki beynəlxalq hüquqa hörmət qorunmalı və əsas prinsip kimi qəbul edilməlidir.

“Əminəm ki, Qlobal Bakı Forumu çərçivəsində bir çox sahələri əhatə edən mövzular müzakirə olunacaq və qlobal çağırışlara cavab axtarılacaq. Biz də bu forumda düzgün addımların atılması üçün bütün potensialımızı səfərbər etməliyik”, - deyə Fransisko Qamboa vurğulayıb.