Milli Məclisdə “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilib. Milli Məclisin Aqrar siyasət komitəsinin təşkilatçılığı ilə parlamentdə keçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləməyə Milli Məclisin üzvləri və Kənd Təsərrüfatı Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəhbər şəxsləri və digər dövlət orqanlarının nümayəndələri qatılıblar.
Dinləmədə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, son dövrlər dünyada süni intellekt texnologiyalarının sürətli inkişafı dövlətlərin iqtisadi və texnoloji strategiyalarında yeni prioritetlər formalaşdırır. Azərbaycanın da bu prosesdə aktiv mövqe tutduğunu deyən Məcnun Məmmədov hazırda Nazirlik tərəfindən aqrar sahədə genişmiqyaslı rəqəmsal transformasiyanın ikinci mərhələsinin həyata keçirildiyini vurğulayıb.
“2020-ci ildən etibarən qurulan Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi fermerlərin dövlət xidmətlərinə çıxışını əhəmiyyətli dərəcədə asanlaşdırmaqla yanaşı, dövlət tərəfindən göstərilən dəstək mexanizmlərinin şəffaflığını, operativliyini və səmərəliliyini də ciddi şəkildə artırıb. Bu transformasiyanın yeni mərhələsi isə Aqrar Süni İntellekt layihəsidir.
Layihə çərçivəsində aqrar sahədə qərarverməni daha dəqiq və məlumat əsaslı etmək məqsədilə 30-dan artıq süni intellekt modulu müəyyən edilib. Bu modullar torpaq, iqlim, peyk məlumatları, sahə müşahidələri və digər məlumat mənbələrini texnologiya ilə bir araya gətirərək həm dövlətin kənd təsərrüfatı ilə bağlı strateji idarəçiliyində, həm də fermer təsərrüfatlarında qərarvermə prosesini dəstəkləyir.
Sistemlər vasitəsilə bitkilərin inkişafı, xəstəlik və zərərverici riskləri, torpaq xüsusiyyətləri, suvarma ehtiyacları və məhsuldarlıq proqnozları kimi mühüm məsələlər üzrə analitik məlumatlar formalaşdırılır. Bu məlumatlar vahid rəqəmsal platformada emal olunur və fermerlərə mobil tətbiqlər və digər kommunikasiya kanalları vasitəsilə çatdırılır.
Beləliklə, aqrar idarəetmə modeli tədricən ənənəvi təcrübə yanaşmasından məlumat əsaslı və proqnozlaşdırılan qərarvermə modelinə keçir” - deyə nazir bildirib.
Daha sonra ictimai dinləmənin iştirakçıları üçün aqrar sahədə süni intellektin tətbiqi mövzusunda təqdimat edilib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanan təqdimatda qeyd olunub ki, Azərbaycanda aqrar sahədə süni intellekt texnologiyalarının tətbiqini nəzərdə tutan yeni layihə 33 istifadə ssenarisini əhatə edir.
Təqdimatda bildirilib ki, layihə çərçivəsində 21 istifadə ssenarisinin 2026-cı ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır. Qalan 33 ssenarinin isə 2027-ci ilin birinci yarısına qədər mərhələli şəkildə tətbiqi nəzərdə tutulur. Layihə hazırda bir neçə istiqamətdə süni zəka həlləri tətbiq edilməklə fermerlərə nəticələrin təqdim olunmasını və məlumatların analizini təmin edir. Bunlara bitki növlərinin xəritələşdirilməsi (bitkilərin əkiləcəyi yerdə fenoloji dövrlər üzrə rastlaşacağı riskləri göstərməklə), bitki sağlamlığına nəzarət, aqrotexniki tədbirlərin və bitkilərin yerlərdə müəyyən edilməsi və monitorinqi, torpaq xəritələrinin hazırlanması (məhsula uyğunluğu və yaxşılaşdırma ehtiyaclarının müəyyən edilməsi üçün), suvarma ehtiyacının müəyyən edilməsi və fermer reytinqi daxildir. Bununla yanaşı, sistem bitki məhsuldarlığının proqnozlaşdırılması, və suvarmanın idarə olunması kimi funksiyaları da əhatə edir.
Layihənin əsas məqsədi kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqini genişləndirmək, fermerlərin qərarvermə prosesini dəstəkləmək və məhsuldarlığın artırılmasına töhfə verməkdir.
Təqdimatdan sonra ictimai dinləmə debat formatında davam etidirilib, layihə icraçıları iştirakçıların süni intellekt layihələri ilə bağlı suallarını cavablandırıblar.
İTV Azərbaycanın “Avroviziya 2026”dakı təmsilçisi və mahnısı ilə bağlı iddialara münasibət bildirib
Avtobusda ödəniş etməyən sərnişinin gedişhaqqı sürücünün maaşından tutulur? - AÇIQLAMA