11 mart 2026 01:36
105

Diqqət: Qulaqlıqlar eşitmə qabiliyyətini məhv edir!

Qulaqlıqda yüksək səslə musiqi dinləmək xüsusilə yeniyetmələr və gənclər arasında geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq ediblər ki, uzun müddət və yüksək səs səviyyəsində qulaqlıqdan istifadə daxili qulaqda yerləşən həssas eşitmə hüceyrələrinə zərər verə bilər. Bu isə zamanla qalıcı eşitmə itkisinə və qulaqda küy kimi problemlərə səbəb ola bilər.

Hər il martın 3-də qeyd olunan Dünya Qulaq və Eşitmə Günü münasibətilə Türkiyə Səhiyyə Nazirliyi eşitmə sağlamlığının qorunması, eşitmə itkisinin qarşısının alınması və erkən diaqnostikanın əhəmiyyəti barədə məlumat yayıb. Qeyd olunub ki, eşitmə itkisi insanların ünsiyyət bacarıqlarına, təhsil və akademik uğurlarına, sosial həyata qatılmalarına və psixoloji vəziyyətlərinə birbaşa təsir edən mühüm ictimai sağlamlıq problemidir.

Mütəxəssislərin bildirdiklərinə görə, xüsusilə uşaqlıq dövründə yaranan eşitmə problemləri dilin və nitqin inkişafına, zehni bacarıqlarına və öyrənmə prosesinə mənfi təsir göstərə bilər. Erkən mərhələdə aşkar olunmayan eşitmə itkisi sonrakı illərdə ünsiyyət qurmaqda çətinliklərin yaranmasına, akademik uğursuzluğa və sosial uyğunlaşma problemlərinə səbəb ola bilər. Bu məsələdə yeni doğulan körpələr və uşaqlar üçün aparılan qulaq müayinələri mühüm rol oynayır. Erkən diaqnoz və düzgün müalicə ilə eşitmə problemi olan uşaqların yaşıdları ilə eyni səviyyədə dil və öyrənmə bacarıqlarını inkişaf etdirməsi mümkün olur.

Mütəxəssislər qeyd ediblər ki, eşitmə itkisi hallarının əhəmiyyətli hissəsinin qarşısını almaq mümkündür. Bunun üçün bir sıra sadə qaydalara əməl etmək tövsiyə olunur. Səs-küyə məruz qalma minimuma endirilməli, qulaqlıqla musiqi dinləyərkən səs səviyyəsi nəzarətdə saxlanmalı və dinləmə müddəti məhdudlaşdırılmalıdır. Bundan əlavə, qulaq sağlamlığına zərər verə biləcək yanlış vərdişlərdən uzaq durmaq və mütəmadi eşitmə müayinələrindən keçmək tövsiyə olunur.

Türkiyənin səhiyyə qurumlarının məlumatına görə, ölkə üzrə məktəb yaşlı uşaqlar üçün eşitmə müayinələri proqramı həyata keçirilir. 2024-2025-ci tədris ili ərzində məktəblərdə təxminən 1 milyon 59 min şagirdin müayinə aparılıb. Müayinələr nəticəsində 55 min 166 şagird əlavə müayinə üçün qulaq-burun-boğaz mütəxəssislərinə yönləndirilib və eşitmə problemi aşkar edilənlərin müalicəsinə başlanılıb.

Eşitmə məhdudiyyətli şəxslərin səhiyyə xidmətlərinə çıxışını asanlaşdırmaq məqsədilə “Engelsiz Sağlık İletişim Merkezi (ESİM)” adlı xidmət də fəaliyyət göstərir. Bu sistem vasitəsilə eşitmə məhdudiyyətli şəxslər mobil tətbiq üzərindən işarə dili tərcüməçiləri və səhiyyə əməkdaşları ilə 24 saat əlaqə saxlaya bilirlər.

Rəsmi məlumatlara əsasən, ESİM xidmətindən indiyədək 111 min dəfədən çox dəfə istifadə olunub. Son bir ildə isə bu sistem vasitəsilə 16 mindən artıq müraciət cavablandırılıb. Eşitmə məhdudiyyətli şəxslər mobil tətbiq vasitəsilə mərkəzə yer bildirimi məlumatı göndərə və yazılı və ya görüntülü şəkildə əlaqə qura bilirlər.

Şahnigar Əhmədova, “İki sahil”