12 mart 2026 09:12
185

Vegeterianlarla ət yeyən insanlar arasında hansı fərq var?

Vegetarianlarla ət yeyən insanların dəyərlərini müqayisə edən yeni araşdırma maraqlı nəticələr ortaya qoyub. Tədqiqat göstərib ki, vegetarian qidalanan şəxslərin güc, uğur və şəxsi nailiyyətlərə daha çox önəm vermə ehtimalı ət yeyən insanlarla müqayisədə daha yüksək ola bilər.

Polşa və ABŞ-da 3 min 500-dən çox yetkin insanın iştirak etdiyi araşdırmada onların dəyər sistemi analiz edilib. Tədqiqat zamanı 800 vegetarian iştirakçının sosial statusu yüksəldən dəyərlərə yönəlmə ehtimalının daha yüksək olduğu müəyyən olunub. Bu dəyərlər arasında şəxsi ambisiya, həyatda yenilik axtarışı və çətinliklərlə mübarizə istəyi kimi xüsusiyyətlər ön plana çıxır.

Digər tərəfdən, ət yeyən iştirakçıların isə daha çox ənənəvi dəyərlərə bağlı olduğu müşahidə edilib. Onların mövcud sosial normalara hörmət etmək, başqalarını incitməmək və cəmiyyət tərəfindən qəbul edilən davranışlara uyğunlaşmaq kimi prinsiplərə daha çox əhəmiyyət verdiyi qeyd olunub. Eyni zamanda, bu qrupun dostluq, ailəyə bağlılıq, yardımsevərlik və təhlükəsizlik kimi dəyərləri də daha yüksək qiymətləndirdiyi müəyyən edilib.

Araşdırmanın rəhbərlərindən biri olan Con Nezlek bildirib ki, tarixən ət istehlakı ilə kişilik anlayışı arasında müəyyən əlaqə mövcud olub. Onun sözlərinə görə, qadınlar kişilərlə müqayisədə daha çox vegetarian qidalanma tərzinə üstünlük verirlər. İnsanların vegetarian olmasının əsas səbəbləri isə adətən sağlamlıq, ətraf mühit və heyvanların rifahı ilə bağlı etik yanaşma ilə əlaqələndirilir.

Tədqiqat çərçivəsində iştirakçılara uydurma şəxslərin qısa təsvirləri təqdim edilib. Məsələn, “Onun üçün çox uğurlu olmaq vacibdir və başqalarını təsirləndirməyi sevir” kimi ifadələr verilib və iştirakçılardan bu xüsusiyyətlərin özlərinə nə qədər yaxın olduğunu 1-dən 6-ya qədər şkala üzrə qiymətləndirmələri istənilib.

Araşdırmanın nəticələrinə görə, vegetarian qidalanan şəxslərin bir çox ölkələrdə azlıq təşkil etməsi onların daha müstəqil düşünən və cəmiyyətin qəbul etdiyi stereotiplərdən kənar davranmaqdan çəkinməyən insanlar olma ehtimalını artırır. Tədqiqat hesabatında qeyd olunub ki, bu qrup bəzən tənqid və ya rədd edilmə ilə qarşılaşsa da, öz prinsiplərinə sadiq qalmağa daha meyllidir.

Eyni zamanda, araşdırma göstərib ki, vegetarianlar heyvanların çəkdiyi əziyyətə daha həssas yanaşırlar və ətraf mühitə yönələn təhlükələr barədə daha çox məlumatlı ola bilirlər. Bununla belə, bu həssaslığın onların mütləq daha yardımsevər dəyərlərə sahib olduğu mənasına gəlmədiyi də vurğulanıb.

Araşdırma nəticəsində alimlər vegetarianların cəmiyyət daxilində öz prinsiplərinə sadiq qalan sosial azlıq qruplarına xas dəyərlər sistemi nümayiş etdirdiklərini qeyd ediblər. Bununla yanaşı, mövzu ilə bağlı bəzi sualların hələ də açıq qaldığı və gələcək tədqiqatların bu istiqamətdə daha geniş nəticələr ortaya qoya biləcəyi bildirilib.

Şahnigar Əhmədova, “İki sahil”