Ölkəmizin qitənin enerji tədarükündə strateji rolu daha da güclənir
Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb. Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz bu istiqamətdə möhtəşəm nailiyyətlər əldə etməkdədir. Ölkəmiz hazırda Avropa bazarlarına qaz nəqli ilə Xəzər regionunda yeni bir cığır açıb, bölgədə enerji tranzitlərinin formatını da müəyyənləşdirməyə nail olub. Daha dəqiq desək, bu gün güclü Azərbaycan dövləti Avropanın enerji xəritəsini dəyişməkdədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrindən sonra TANAP, TAP kəmərlərini reallaşdıran Azərbaycan Cənub Qaz Dəhlizinin enerji koridorunu yaradıb. Avropa İttifaqının qaz və neft idxalından kritik asılılığı kontekstində Azərbaycan faktiki olaraq enerji resurslarının azsaylı etibarlı təchizatçılarından birinə çevrilib və Cənub Qaz Dəhlizinin öz rolunu gücləndirmək imkanları getdikcə artır. Hazırda daha çox Avropa dövləti Azərbaycan qazının tədarükünə maraq göstərir. Martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclaslarına Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilatlarının, eləcə də 49 enerji şirkətinin qatılması onu deməyə əsas verir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyindəki rolunu artırmaqla yanaşı, siyasi dəstək qazanıb.
Hazırda dünyada baş verən gərgin geosiyasi proseslər, müharibələr Avropada enerji böhranı yaradıb. Belə bir dövrdə Azərbaycanın Avropaya qaz ixracını artırmaq niyyəti rəsmi Bakının etibarlı tərəfdaş olmasını göstərir. Azərbaycan qazı Türkiyə üzərindən Avropaya ixrac edilir. İki dost və qardaş ölkənin həyata keçirdikləri layihələr Avropa üçün olduqca önəmlidir. Bu baxımdan hər iki dövlətin Avropadan siyasi dəstək və regionda təhlükəsizliyin təmin olunması üçün addımlar atmasını gözləməyə haqqı var. 2027-ci ildə Azərbaycan Avropaya qaz ixracını 20 milyard kubmetrə çatdırmağı planlaşdırıb. Bu, çox böyük rəqəmdir və qitə üçün də mühüm əhəmiyyətə malikdir. Hazırda Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Dövlət başçısı İlham Əliyev ölkəmizin Avropanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətində olduğunu qeyd edərək vurğulayıb ki, artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır.
Qeyd edək ki, ötən il Rumıniyaya idxal edilən xam neftin 60 faizdən çoxu Mərkəzi Asiya, xüsusilə, Xəzər dənizi regionundan tədarük olunub. Rumıniyanın “Financial Intelligence” analitik nəşrində dərc edilən məqalədə bildirilib idxal olunan xam neft əsasən Qara dəniz sahilində yerləşən “Petromidia” neft emalı zavodunda emal edilir. Bu müəssisə regionun ən böyük neft emalı komplekslərindən biri hesab olunur və Rumıniyanın enerji sektorunda mühüm rol oynayır. Lakin analitiklərin fikrincə, Xəzər regionundan Avropaya enerji resurslarının nəqlində Cənubi Qafqaz və Qara dəniz marşrutları getdikcə daha böyük əhəmiyyət qazanır. Bu kontekstdə Azərbaycan xüsusi strateji rol oynayır. Xəzər hövzəsində yerləşən enerji və nəqliyyat dəhlizləri Mərkəzi Asiya enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradır. Məqalədə vurğulanır ki, Azərbaycan regionda formalaşan yeni enerji və logistika marşrutlarının əsas qovşaqlarından biri kimi çıxış edir. Xəzər dənizi üzərindən həyata keçirilən nəqliyyat və tranzit imkanları enerji resurslarının Qara dəniz və Avropa bazarlarına çatdırılmasında mühüm rol oynayır. Ekspertlərin qənaətinə görə, Avropa ölkələrinin enerji mənbələrini şaxələndirmək strategiyası fonunda Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz regionları arasında enerji əməkdaşlığı daha da güclənir. Bu prosesdə Azərbaycan həm nəqliyyat dəhlizi, həm də regional enerji tərəfdaşı kimi strateji mövqeyini möhkəmləndirir.
Yeni qaz yataqlarının istismarı da gələcək perspektivlər baxımından mühüm əhəmiyyət daşıyır. Cari ildə “Azəri‑Çıraq‑Günəşli” yatağının dərin qaz laylarından hasilata başlanması gözlənilir. Eyni zamanda, “Abşeron” qaz yatağının tammiqyaslı işlənmə mərhələsi yaxın illərdə başlayacaq və bu yataqdan qaz hasilatı əhəmiyyətli dərəcədə artacaq. “Ümid” qaz yatağının ikinci mərhələsinin istismarı da planlaşdırılır. Bundan başqa, “Şahdəniz” qaz yatağı üzrə yeni mərhələnin 2028-ci ildə işə düşməsi nəzərdə tutulur. Bütün bu layihələr maksimum istehsal səviyyəsində əlavə olaraq 10–15 milyard kubmetr qaz hasil etməyə imkan verəcək. Lakin bu potensialın tam reallaşdırılması üçün mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi və yeni interkonnektorların yaradılması vacibdir.
Enerji strategiyasının mühüm istiqamətlərindən biri də bərpaolunan enerji sahəsinin inkişafıdır. Bərpaolunan enerji layihələri yalnız daxili enerji balansının şaxələndirilməsi baxımından deyil, həm də beynəlxalq enerji əməkdaşlığı üçün yeni imkanlar yaradır. Azərbaycandan Avropaya Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan enerji kabeli və Mərkəzi Asiyadan Xəzər üzərindən gələcək enerji kabeli layihələri bu istiqamətdə mühüm addımlardır. Bu layihələrin həyata keçirilməsi gələcəkdə geniş enerji şəbəkəsinin formalaşmasına və qitələrarası enerji əməkdaşlığının yeni mərhələyə qədəm qoymasına səbəb olacaqdır.
Enerji strategiyasının digər mühüm istiqaməti tranzit imkanlarının genişləndirilməsidir. Azərbaycan Xəzərin şərq sahilindən gələn enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında mühüm tranzit ölkə kimi çıxış edir. Qazaxıstan və Türkmənistan neftinin nəqli üçün mövcud infrastrukturlar bu prosesdə mühüm rol oynayır və daşınan həcmlər ildən-ilə artır. Bu isə ölkənin regionda enerji logistikasının əsas mərkəzlərindən birinə çevrildiyini göstərir. Eyni zamanda, enerji sektorunda beynəlxalq investisiyalar da genişlənir. Azərbaycanın Türkiyədə 870 meqavat gücündə böyük elektrik stansiyası əldə etməsi və Serbiyada 500 meqavatlıq elektrik stansiyasının tikintisi ilə bağlı imzalanan müqavilə bu istiqamətdə mühüm addımlardır. Bundan əlavə, İtaliyada ümumi emal gücü 10 milyon ton olan iki neftayırma müəssisəsinin əldə olunması və Türkiyədə Egey sahillərində fəaliyyət göstərən 12 milyon tonluq zavodla birlikdə Aralıq və Egey dənizləri regionunda 22 milyon tonluq emal potensialının formalaşması enerji bazarında mövqelərin daha da möhkəmləndiyini göstərir.
Bütün bu layihələr və təşəbbüslər göstərir ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində yalnız resurs sahibi kimi deyil, həm də etibarlı tərəfdaş, tranzit ölkə və yeni enerji layihələrinin təşəbbüskarı kimi çıxış edir. Enerji resurslarının səmərəli istifadəsi ilə bərpaolunan enerji mənbələrinin inkişafının paralel aparılması isə gələcək üçün balanslaşdırılmış və dayanıqlı enerji modelinin formalaşmasına xidmət edir. Bu siyasət həm regionda, həm də Avropa məkanında enerji təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verir.
Sevinc Azadi, “İki sahil”