06 mart 2026 19:11
330

Enerji əməkdaşlığı YENİ MƏRHƏLƏDƏ

İlham Şaban: Bu, Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığı sahəsində strateji və siyasi qərarların formalaşdırılmasını özündə ehtiva edən mərhələ olacaq

Bir neçə gün öncə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirildi.

Toplantıya Azərbaycan və Avropa İttifaqı (Aİ) daxil olmaqla 27 tərəfdaş dövlət, eləcə də 60 qurum və şirkətdən nümayəndələr iştirak ediblər. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər.  İclasda Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlığa sadiqlik bir daha vurğulanıb. Bu tərəfdaşlıq əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatını, bərpaolunan enerji mənbələrinin təşviqini, enerji səmərəliliyini, hidrogen istehsalını, metan emissiyalarının azaldılmasını və ətraf mühitin qorunmasını əhatə edir.

İclaslarda Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlığa sadiqlik bir daha vurğulanıb. Bu tərəfdaşlıq əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatını, bərpaolunan enerji mənbələrinin təşviqini, enerji səmərəliliyini, hidrogen istehsalını, metan emissiyalarının azaldılmasını və ətraf mühitin qorunmasını əhatə edir.

Nazirlər iclasları çərçivəsində regional enerji bağlantıları, bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində prioritetlərin və layihələrin nəzərdən keçirilməsi, eləcə də ümumi çağırışların həlli və əlaqəliliyin gücləndirilməsi üçün növbəti addımların müəyyənləşdirilməsi məqsədilə beynəlxalq maliyyə institutları və Aİ şirkətlərinin iştirakı ilə Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya Dəyirmi Masası keçirilib.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının əhəmiyyətini “İki sahil”ə şərh edən enerji məsələləri üzrə ekspert İlham Şaban qeyd edib ki, Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclaslarının yekunu məhz Avropa İttifaqı və Azərbaycanın Brüsseldə enerji üzrə yüksəksəviyyəli dialoq keçirmək barədə razılığa gəlməsidir: “ Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen tərəfindən bəyan edilməsi onu göstərir ki, indiyə qədər mövcud olmuş enerji əməkdaşlığı bundan sonra yeni mərhələyə qədəm qoyacaq. Azərbaycanla Avropa İttifaqı arasında enerji üzrə yüksəksəviyyəli dialoq yeni mexanizm deyil. Yəni, söhbət tamamilə yeni platformadan yox, mövcud əməkdaşlığın artıq institusional şəkildə davamından gedir. Xatırlatmaq istərdim ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığının bu il artıq 20-ci ili tamam olur. Məhz 2006-cı il noyabrın 7-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və o zaman Avropa Komissiyasının sədri olan Xose Manuel Barrozu tərəfindən imzalanmış Enerji üzrə Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu bu dialoqun hüquqi əsasını qoydu. 2011-ci il yanvarın 13-də Bakıda Azərbaycan və Aİ arasında “Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə”nin imzalanması Avropa İttifaqının Azərbaycandan təbii qaz idxalı üzrə layihələrə dəstək üzrə işçi çərçivənin müəyyənləşdirilməsini gündəmə gətirdi. 2022-ci il iyulun 18-də isə Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin imza atdıqları “Enerji sahəsində Əməkdaşlıq Memorandumu” dəyişən dünya çapında enerji təhlükəsizliyinin artırılması üçün Azərbaycandan Avropa İttifaqına qaz tədarükünün 2 dəfə artırılması barədə tərəflərin razılaşması idi. Bu, Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığı sahəsində strateji və siyasi qərarların formalaşdırılmasını özündə ehtiva edən mərhələ olacaq. Bu baxımdan Brüsseldə planlaşdırılan yüksəksəviyyəli enerji dialoqu ehtimal ki, təkcə mövcud qaz həcmləri deyil, həm də uzunmüddətli enerji keçidi gündəliyi (bərpaolunan enerji, yaşıl enerji kabeli layihələri və sair) ətrafında Azərbaycanla Avropa İttifaqının orta perspektiv üçün əməkdaşlığına töhfə verən bir platforma olacaq.”

Ekspert vurğulayıb ki, körfəz ölkələrində hərbi münaqişənin alovlanması, dünyanın iri maye qaz ixracatçılarından olan Qətərin qaz emalı obyektlərinə İranın hava hücumu və gündəlik olaraq Hörmüz boğazından 300 mln kubmetr qazın daşınmasında yaranan fasilələr artıq Avropa və Uzaq Şərq bazarlarında “mavi yanacağ”ın 1000 kubmetrinin qiymətini 600 ABŞ dollarınadək bahalaşdırıb: “Belə bir şəraitdə Avropa qazın tanker daşımalarının da davamlı enerji təhlükəsizliyinin təminatçısı olmadığını görür. Boru kəmərləri daşımalarının vacibliyi məncə bu dəfəki Bakı toplantısında daha qabarıq şəkildə diqqət mərkəzində olacaq. Mənim gözləntim budur ki, Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsini özünün prioritet layihələri siyahısına daxil edə bilər. Azərbaycan 2025-ci ilin yekunlarına görə, təqribən 38,9 mlrd m3 əmtəəlik qaz hasil edib və bunun 25,2 mlrd m3-nu xarici bazarlarda kapitala çevirib.”

Orxan Vahidoğlu, “İki sahil”