05 mart 2026 14:15
54

Regionda uzunmüddətli enerji sabitliyinə hədəflənən praqmatik siyasət

Nurlan Həsənov,
Milli Məclisin deputatı

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında iştirak edən Prezident İlham Əliyev çıxışında qlobal enerji gündəliyinin əsas istiqamətlərinə dair mühüm mesajlar verib. Enerji təhlükəsizliyi məsələlərinin effektiv həlli üçün çoxtərəfli əməkdaşlıq, açıq dialoq və qarşılıqlı etimad həlledici əhəmiyyət daşıyır. On iki il əvvəl əsası qoyulmuş bu təşəbbüsün davamlılığı sübut edir ki, enerji təhlükəsizliyi yalnız birgə səylər və koordinasiya şəraitində təmin olunur.

Son dövrlərdə qlobal enerji bazarlarında ciddi dəyişikliklər baş verib. Müxtəlif geosiyasi və iqtisadi çətinliklərə baxmayaraq, dövlətimiz tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı mövqeyini qoruyub. Əgər əvvəllər Azərbaycan 12 ölkəyə qaz ixrac edirdisə, hazırda bu rəqəm 16-ya çatıb. Boru kəmərləri vasitəsilə qaz tədarük olunan ölkələrin sayına görə Azərbaycan dünya miqyasında ön sıradadır. Avropa istiqaməti xüsusi prioritet olaraq qalır. Almaniya və Avstriyaya qaz tədarükünə başlanılması ilə artıq Avropa İttifaqının 10 üzv dövləti ölkəmizdən qaz alır. Bu isə təkcə iqtisadi göstərici deyil, həm də Avropanın enerji təhlükəsizliyinə verilən real töhfədir. Lakin artan tələbat yeni investisiyaları zəruri edir. Cənub Qaz Dəhlizi hazırda tam yüklənmiş vəziyyətdədir. Bu səbəbdən əlavə genişləndirmə, interkonnektorların yaradılması və mövcud infrastrukturun modernləşdirilməsi gündəmdədir. Məqsəd ixrac imkanlarını maksimum səviyyəyə çatdırmaq və yeni bazarlara çıxışı təmin etməkdir. Qarşıdakı illərdə Azərbaycanın qaz hasilatı daha da artacaq. “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanması, “Abşeron” yatağının tammiqyaslı işlənməsi və “Ümid” yatağının ikinci mərhələsi əlavə həcmlər yaradacaq. Bununla yanaşı, ölkənin əsas qaz mənbələrindən biri olan Şahdəniz yatağında 2028-ci ildə yeni mərhələ üzrə hasilatın başlanması gözlənilir. Ümumilikdə bu layihələr maksimum istehsal səviyyəsində illik 10–15 milyard kubmetr əlavə qaz əldə etməyə imkan verəcək. Bu artım həm mövcud bazarlarda mövqeləri gücləndirəcək, həm də yeni ixrac istiqamətlərinə yol açacaqdır.

Məşvərət Şurası çərçivəsində yaşıl enerji keçidi də əsas müzakirə mövzularından biri olub. Cari ilin yanvarında regionda ən böyük – 240 meqavat gücündə külək elektrik stansiyası “ACWA Power” tərəfindən istifadəyə verilib. 2023-cü ildə isə “Masdar” şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyasını istismara təqdim edib. SOCAR ilə yanaşı, özəl sektorun da alternativ enerji layihələrinə qoşulması ölkədə sağlam investisiya mühitinin formalaşdığını göstərir. 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6–8 giqavat elektrik enerjisinin əldə olunması planlaşdırılır və bu hədəflər artıq imzalanmış müqavilələrə əsaslanır. Bu yaşıl enerji potensialı daxili bazarda təbii qazın əvəzlənməsinə, eləcə də ixrac imkanlarının genişlənməsinə xidmət edəcək. Artan sənaye, kommunikasiya infrastrukturu, süni intellekt və data mərkəzləri üçün etibarlı enerji təminatı strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev iqlim məsələlərinə ideoloji deyil, praqmatik və realist yanaşmanın vacibliyini də vurğulayıb. Heç kim iqlim dəyişikliklərinin fəsadlarını görmək istəmir, lakin qazıntı yanacaqlarını tamamilə nəzərə almamaq reallıqdan uzaq yanaşmadır. Azərbaycan həm zəngin qaz ehtiyatlarına malikdir, həm də paralel olaraq bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırır. Bu balanslı model enerji təhlükəsizliyi ilə ekoloji məsuliyyət arasında optimal tarazlığı təmin etməyə yönəlib.

Azərbaycan, eyni zamanda etibarlı tranzit ölkə rolunu gücləndirir. Qazaxıstan və Türkmənistan neftinin nəqli, Xəzərin şərq sahillərindən əlavə həcmlərin qəbul edilməsi üçün mövcud infrastruktur ölkənin regional enerji mərkəzinə çevrildiyini göstərir. Bununla yanaşı, ölkəmizin xaricdə enerji aktivlərinin genişlənməsi diqqət çəkir. Türkiyədə 870 meqavat gücündə elektrik stansiyasının əldə edilməsi, Serbiyada 500 meqavatlıq stansiyanın tikintisi ilə bağlı müqavilə, eləcə də İtaliyada iki neftayırma müəssisəsinin alınması ölkənin Aralıq və Egey dənizi hövzəsində mövqeyini gücləndirir. Bu amillər enerji təhlükəsizliyinə töhfənin artıq yalnız milli sərhədlərlə məhdudlaşmadığını göstərir. Dövlətimizin başçısı qeyd edib ki, biz hidroelektrik stansiyalarına sərmayə yatırırıq: “Bu layihələr Ermənistanın işğalından azad edilmiş ərazilərdə icra olunur. Hələ ki, 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq sistemimizə qoşulub. Planlarımız bunu 2-3 ilə təqribən ikiqat artırmaqdır. Bu, bizə əlavə potensial və ucuz enerji verəcək”.

Prezident İlham Əliyevin çıxışı Azərbaycanın enerji strategiyasının etibarlı təbii qaz təchizatçısı olmaq və paralel şəkildə yaşıl enerji keçidini sürətləndirmək kimi komponentlər üzərində qurulduğunu nümayiş etdirir. Çoxtərəfli əməkdaşlıq, infrastrukturun genişləndirilməsi, yeni yataqların işlənməsi və alternativ enerji layihələri Azərbaycanın qlobal enerji xəritəsində mövqeyini daha da möhkəmləndirir. Bu strategiya həm region, həm də Avropa üçün uzunmüddətli enerji sabitliyinin təmin olunmasına xidmət edir.