3 mart 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Slovakiyanın SPP şirkətinin İdarə Heyətinin sədri Yuray Ondris ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan ilə Slovakiya arasında enerji sektorunda uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib. Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyəti qeyd olunub. 2024-cü ilin dekabrından Azərbaycan qazının Slovakiyaya təchizatına başlanılmasının əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı SOCAR ilə SPP arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.