28 fevral 2026 21:01
177

XİN regional hərbi eskalasiyaya dair bəyanat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiyanın dərin narahatlıq doğurduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Nazirlik bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırıb.

Bəyanatda qeyd olunub ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyi vurğulanır.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.