27 noyabr 2026 13:24
260

Ceyhun Bayramov: Azərbaycana da ATƏT-ə sədrliklə bağlı təkliflə müraciət olunub

ATƏT-in hazırkı fəaliyyətdə olan sədri İsveçrədir və onun səlahiyyət müddəti dekabrın 31-də başa çatır. Bir ildən artıqdır ki, növbəti sədrin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılsa da, üzv dövlətlər arasında konsensus əldə etmək mümkün olmayıb.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsahkna ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Azərbaycan bu müddət ərzində konsensusun təmin olunmasına töhfə verməyə və dialoqa hazır olduğunu bildirib. Son həftələrdə intensivləşən məsləhətləşmələr zamanı Azərbaycanın da növbəti sədrliyə namizədliyi irəli sürülüb və ölkəmizə bu təkliflə bağlı müraciət olunub.

Müzakirələr çərçivəsində 2027, 2028 və 2029-cu illər üzrə sədr ölkələrin vahid paket şəklində müəyyənləşdirilməsi təklifi də irəli sürülüb. İlkin paket təklifi Azərbaycan tərəfindən təqdim edilib, sonradan bu təklifə Ermənistanın da daxil edilməsi məsələsi gündəmə gəlib.

Azərbaycan yaranmış vəziyyəti nəzərə alaraq, konsensusun əldə olunmasına müsbət töhfə verməyə hazır olduğunu bildirib. Hazırda məsləhətləşmələr davam edir və yekun nəticə barədə əvvəlcədən proqnoz vermək mümkün deyil.