28 fevral 2026 12:30
194

Azərbaycan musiqisində innovasiya: İlk dəfə Sofi Fayrodan unikal AI layihəsi

Azərbaycanlı müğənni Sofi Fayro yeni “Stop Cortisol” klipini təqdim edib. Layihə daxili harmoniyanın qorunması, emosional balansın bərpası və insanın psixoloji təzyiqdən müdafiəsi ideyası üzərində qurulub.

“Stop Cortisol” ifadəsi ingilis dilindən tərcümədə “kortizolu dayandır” mənasını verir. Kortizol stress hormonu kimi tanınır və uzunmüddətli gərginlik zamanı yüksələrək insanın emosional və psixoloji vəziyyətinə mənfi təsir göstərə bilir. Bu baxımdan, mahnının adı simvolik məna daşıyır və stressə, manipulyativ münasibətlərə, emosional nəzarətə, o cümlədən narsissizm (özünə həddindən artıq vurğunluq və empati çatışmazlığı ilə xarakterizə olunan davranış modeli) kimi hallara qarşı mesaj kimi səslənir. Psixologiyada narsist davranış dedikdə, qarşı tərəfin hiss və ehtiyaclarını nəzərə almadan diqqət mərkəzində olmağa çalışmaq, münasibətlərdə dominant mövqe tutmaq meyli başa düşülür. Kompozisiyada şəxsi sərhədlərin qorunması, özünə hörmət və daxili azadlıq mövzularına xüsusi vurğu edilir.

Sənətçi bildirib ki, layihənin əsas məqsədi insanın özünü itirmədən münasibətlərdə balansı qorumasına diqqət çəkməkdir:

“Mən sözlərin və melodiyanın müəllifiyəm. Mənim üçün vacibdir ki, klip düşüncələrimi və daxili vəziyyətimi əks etdirsin.”

Trekin aranjimanı məşhur musiqiçi Farid Ağa tərəfindən hazırlanıb. Müasir üsluba əlavə olunan şərq notları kompozisiyaya fərqli musiqi atmosferi qazandıraraq layihənin emosional təsirini gücləndirir.

Klipin əsas xüsusiyyəti onun tamamilə süni intellekt vasitəsilə yaradılmasıdır. Süjet xətti və vizual obrazlar layihənin müəllifi tərəfindən formalaşdırılıb. Sofi Fayro layihədə müğənni olmaqla yanaşı, söz və melodiyanın müəllifi, ssenari müəllifi, rejissor, montajçı və prodüser kimi çıxış edir. Layihə SANSARA MUSIC prodakşn dəstəyi ilə ərsəyə gəlib.

“Stop Cortisol” təkcə yeni musiqi işi deyil, həm də emosional sağlamlıq, toksik münasibətlər, narsist davranış modelləri fonunda şəxsi sərhədlərin qorunması ilə bağlı çağırış kimi təqdim olunur. Layihə göstərir ki, müasir musiqi yalnız estetik deyil, eyni zamanda sosial və psixoloji mesaj daşıya bilər.

Qeyd edək ki, Sofi Fayro beynəlxalq səviyyədə “Jara Festivalı 2021”də, “Eurovision Azərbaycan 2013”də və “Miss Civilization of Azerbaijan 2012”də iştirak edib. O, “Best International Singer Award”, “Rusiya Gözəllik Tanrıçası 2021” mükafatının laureatı olub və modelyer Vyaçeslav Zaytsev tərəfindən keçirilən “Dünyanın ən gözəl Azərbaycan qadını” müsabiqəsinin qalibi seçilib.