27 fevral 2026 12:00
133

Şuşa: şəhərsalma mədəniyyətinin nadir incisi

“Şəhərsalma və Memarlıq ili”nin işığında

Dağlar qoynunda yerləşən Şuşa əsrlərin yadigarı olan gözəl memarlıq abidələri ilə zəngindir. Şuşa özü boyda canlı abidədir. Sahəsi 234 kvadrat kilometr olan Şuşa şəhəri dünyanın nadir incisidir. Yarandığı gündən başlayaraq şəhərdə müdafiə tikliləri ilə yanaşı, çoxlu yaşayış evləri, imarətlər, saraylar, hamamlar, karvansaralar və məscidlər tikilib istifadəyə verilmişdir. Burada fəaliyyət göstərən çoxsaylı mühəndislər, memarlar, bənnalar, daşyonanlar, dülgərlər, nəccarlar, həkkaklar və başqa sənətkarlar şəhərin tikintisi zamanı Azərbaycan, Şərq və Qərb memarlığının nailiyyətlərindən məharətlə bəhrələnmişlər. Elə bunun nəticəsidir ki, Şuşa tarixən özünün görkəmi ilə Cənubi Qafqazın digər şəhərlərindən əsaslı şəkildə fərqlənir.

Qarabağ xanları Şuşada saray və imarətlərin tikintisinə böyük diqqət yetirirdilər. Qarabağ tarixçilərinin məlumatlarından aydın olur ki, həm Pənahəli xan, həm də İbrahimxəlil xan Şuşada özləri və övladları üçün altı saray və imarət tikdirmişdilər. Bu saraylardan ikisi - Pənahəli xana və Qaraböyük xanıma məxsus saraylar müasir dövrə qədər qalmışlar. Sonuncu sarayın giriş qapısı üzərindəki yazıdan aydın olur ki, həmin saray 1768-ci ildə, İbrahimxəlil xanın hakimiyyəti dövründə tikilmişdir. Bu rəsmlərin əksəriyyətinin müəllifləri məşhur rəssam və memar Qəmbər Qarabaği və onun qardaşı Səfər olmuşdur.

Şuşanın əsas ticarət mərkəzi

Bu ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı. Şəhərin “Meydan” deyilən əsas ərazisi “Rastabazar” küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı Cümə məscidindən ibarət idi. Şuşada XIX əsrin ikinci yarısında “Bazarbaşı” deyilən yerdən “Şeytanbazar”a qədər uzanan üstüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi “Rastabazar” adlandırılırdı. “Rastabazar”ın sıra ilə düzülən və daşları bir-birinə qurğuşunla bərkidilən sütunlardan, tağlardan ibarət olan və qalereyanı xatırladan səkiləri başdan-başa örtülü olduğundan bütün fəsillərdə quru və təmiz qalırdı. Küçənin ortası ilə nəqliyyat vasitələri hərəkət edirdi. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar həm də şəhərə xüsusi yaraşıq verirdi. “Rastabazar” ən böyük şəhər meydanı olan və Şuşa qalasının Gəncə qapısı yaxınlığında yerləşən “Bazarbaşı”ının şərq küncündən başlayaraq, “Meydan”a kimi uzanırdı.

XVIII əsrin 80-ci illərində şəhərin dövrəsinə möhtəşəm qala divarları çəkilib başa çatdırıldı. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Leypsiq, London, Mançester, Marsel və başqa şəhərlərlə ticarət əlaqələri saxlayırdı. Xüsusi qeyd etmək lazımdır ki, XIX əsrin əvvəllərindən başlayaraq Şuşanın mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri hesab edilən Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələri bu qədim Qala-şəhərin özünəməxsus simasının formalaşmasında əhəmiyyətli rol oynamışdır.

Tarixi və dini abidələr

XIX əsrin ikinci yarısında tikinti işləri Şuşada daha geniş vüsət almışdı. Xurşidbanu Natəvanın, Gövhər ağanın, Cəfərqulu xanın, Uğurlubəyin, Fərzəlibəyin, Nəcəfqulu ağanın, Hacı qulunun, Səfibəyin tikdirdikləri yeni tipli saray və imarətlər, Mehmandarovlara məxsus malikanə kompleksi şəhərə xüsusi gözəllik verirdi. Dövlət tərəfindən əsası qoyulan bir sıra məktəb binaları, Qarabağın imkanlı adamlarının sayəsində ucaldılan məscid və hamamlar o zamankı memarlıq abidələrinin ən gözəl nümunələrindən sayılırdı.

Onu da xüsusi vurğulamaq lazımdır ki, şəhərdəki 17 qədim məhəllənin hər birinin məscidi, bulağı və hamamı mövcud olmuşdur. Eyni zamanda, Şuşada hər məhəlləsinin öz məscidindən başqa XIX əsrdə İbrahimxəlil xanın qızı Gövhərağanın sifarişi ilə Qarabağın bir çox məşhur memarlıq nümunələrinin banisi tanınmış memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmiş Yuxarı Gövhərağa və Aşağı Gövhərağa məscidləri Şərq memarlıq üslubunda tikilmiş və Azərbaycanın tarixi-mədəni irs nümunələridir. Bununla yanaşı, vaxtilə şöhrəti nəinki Şuşaya, bir sıra ölkələrə də yayılan memar Kərbəlayi Səfixan Qarabağinin əsərlərindən biri də XIX əsrə aid Saatlı məscididir. Məsciddə ornamentlər qorunub saxlanılmaqla bərpa işləri aparılmışdır. Qeyd etmək lazımdır ki, Saatlı məscidi 17 məhəllə məscidləri içərisində yeganə minarəsi olan məsciddir.

Məşhur rəssam V.Vereşşagin Şuşanı görəndən sonra yazmışdı: “Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir”.

Şuşanın qala qapıları

XVIII əsrin 40-cı illərinin sonunda Qarabağ xanlığının banisi Pənahəli xan Sarıcalı-Cavanşir strateji əhəmiyyətli müdafiə qalalarının tikilməsini lazım bildi. Bu sahədə ilk addımlardan biri qədim Azərbaycan - türk tayfası bayatların adı ilə bağlı olan Bayat qalasının tikilməsi oldu. Bayat qalasının strateji mövqeyi zəif, iqlimi isti olduğundan orada uzun müddət böyük hərbi qüvvə saxlamaq da mümkün deyildi. Bu səbəbdən də Pənahəli xan tərəfindən Ağdamın 10 kilometrliyində yerləşən “Şah bulağı” adı ilə məşhur olan bulağın yanında inşaat işlərinə başlanıldı və kiçik qala-şəhər halına salındı.

Qarabağ tarixçilərinin məlumatına görə, Pənahəli xanın iqamətgahını Bayat qalasından Şahbulaq qalasına köçürməsi XVIII yüzilliyin 50-ci illərinə təsadüf edirdi. 1749-1750-ci illərdə Tərnəküt adlandırılan ərazidə, Şahbulağın üstündə Şərq memarlıq üslubunda, orta əsr qalalarına məxsus əzəmətli görünüşdə məşhur Şahbulaq qalası yerli inşaat materialları olan əhəngdən və dağ daşlarından inşa olunmuşdu. Pənahəli xan bununla kifayətlənməyərək Sarıcalı-Cavanşir adında yeni daha etibarlı paytaxt yaratmaq üçün dəniz səviyyəsindən 1500-1600 metr yüksəklikdə olan, sıldırım qayalarla əhatə olunmuş və alınmaz qalanı xatırladan strateji əhəmiyyətli yeri seçdi. Bu, əlçatmaz Şuşa qalası idi…

Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onların adı Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir. Gəncə qapısı – Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın şimal tərəfində yerləşir. Pənahəli xanın hakimiyyəti dövründə inşa edilmiş qapı artıq XVIII əsrdən etibarən Gəncə qapısı adlandırılırdı. Şuşa qalasının bu qapıdan çıxan yolu şəhəri Gəncə şəhəri ilə birləşdirirdi. Şuşa qalasının şimal qapısı hesab edilən Gəncə qapısı qala divarlarının ortasında – Ağoğlan və İrəvan qapılarının arasında yerləşir. Şuşa qalasının digər qapıları ilə müqayisədə Gəncə qapısı müasir dövrümüzə daha yaxşı saxlanmış vəziyyətdə çatmışdır.

İrəvan qapısı – Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın qərb tərəfində yerləşir. Pənahəli xanın dövründə inşa edilmiş bu qala qapısı XVIII əsrdən etibarən İrəvan qapısı və ya Xəlfəli qapısı adlandırılırdı. Bu qapıdan çıxan yol Şuşa şəhərini Xəlfəli kəndi ilə, oradan isə İrəvan şəhərinə gedən yol ilə birləşdirirdi.

Ağoğlan qapısı – Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın şərq tərəfində yerləşir və şəhərin aşağı hissəsinə girişi təmin edirdi. XIX əsrdə qalanın aşağı tərəfində, şərq qapısı yaxınlığında Şuşa həbsxanası inşa edilmişdir. Həbsxananın inşa edilməsi zamanı qala divarlarının bir hissəsi və müdafiə qüllələri həbsxana divarları kimi istifadə edilmişdir. Bu zaman qapı da həbsxanaya giriş kimi dəyişdirilərək yenidən formalaşdırılmışdır.

Sevinc Azadi, “İki sahil”