26 fevral 2026 23:16
129

BMT zamanın tələbləri ilə ayaqlaşa biləcəkmi?

Hazırda mövcud beynəlxalq qurumlar, o cümlədən BMT müharibə ocaqlarının, eləcə də münaqişələrin qarşısının alınması və həlli sahəsində yetərli siyasi iradə göstərə bilmirlər. Müxtəlif hesablamalara görə, hazırda dünyada 60-dan çox münaqişə ocağı mövcuddur. BMT-nin mövcud çağırışlara operativ və təsirli cavab verə bilməməsi yeni və daha çevik həll mexanizmlərinin formalaşdırılmasına ehtiyacı ortaya qoyub. Tramp administrasiyası da məhz bu zərurətdən çıxış edərək alternativ sülh mexanizmi kimi “Sülh Şurası” təşəbbüsünü irəli sürüb. Bu, BMT-nin fəaliyyətində hansısa müsbət irəliləyişlərə səbəb ola bilərmi?

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, hüquqşünas Xəyal Bəşirov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, BMT-nin fəaliyyətsizliyi bizə yaxşı məlumdur: “BMT Təhlükəsizlik Şurası (TŞ) tərəfindən 1993-cü ildə 822, 853, 874, 884 saylı qətnamələr qəbul edilmişdir. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənmiş və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir. Lakin BMT bu qətnamələrin icrası istiqamətində heç bir addım atmamışdır. Yekunda bu 4 qətnaməni Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuz icra etmək məcburiyyətində qalmışdır. Nəticədə Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa edilmişdir.

Yaxın Şərqdə gərginliyin artması və Rusiya-Ukrayna müharibəsinin davam etməsi BMT mexanizmlərinin təsir imkanlarının məhdud olduğunu bir daha nümayiş etdirir. ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə ənənəvi institutlara alternativ variant kimi Sülh Şurasının gündəmə gəlməsi və dəstək qazanması da məhz bu kimi zərurətlərdən irəli gəldi. Yeri gəlmişkən, ABŞ-ın son illər BMT-nin bir sıra strukturlarından çıxması və bəzi qurumların maliyyələşdirilməsini dayandırması da rəsmi Vaşinqtonun mövcud qlobal idarəetmə sistemindən narazılığının göstəricisi kimi şərh edilə bilər. Prezident İlham Əliyev də BMT-nin mövcud mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini dəfələrlə bildirib. Çıxış yolu kimi müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına ehtiyac olduğunu vurğulayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə “dünyanın 5-dən böyük olduğu”nu bildirərək, BMT TŞ-nin mövcud strukturuna etiraz edib. 

Fikrimcə, Sülh Şurasının yaranması BMT üçün, əgər belə demək mümkünsə, soyuq duş effekti yaratmalıdır. Yəni, bu qurum ya yenidən təşkil olunmalı, ya da işini günün tələbləri səviyyəsində qurmalıdır. Əks halda, o, tarixin arxivinə atılmaq təhlükəsi ilə üzləşə bilər. Yeri gəlmişkən, bu qurum hazırda maliyyə böhranı ilə üzləşib. Hətta bu ayın əvvəlində BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, qurumun  maliyyə qaydaları yenidən nəzərdən keçirilməsə və ya 193 üzv ölkənin hamısı üzvlük haqlarını tam və vaxtında ödəməsə, yaxınlaşan maliyyə iflası labüd olacaq”.

Daha sonra bunu tarixin gedişatı ilə əlaqələndirən müsahibimiz bildirdi ki, 1945-ci ildən bu yana dünya siyasi xəritəsində ciddi dəyişikliklər baş verib: “Sovet hakimiyyəti süquta uğrayıb, yeni dövlətlər yaranıb və s. Bütün bunlar faktiki olaraq yeni bir mexanizmin yaradılması zərurətini də ortaya qoyub. Amma dünya BMT ilə ötüşürdü. Son olaylar göstərir ki, daha bir ciddi quruma ehtiyac var”.

Müsahibimiz daha sonra bildirdi: “Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın da Sülh Şurasına təsisçi üzv statusu ilə qoşulması təqdirəlayiqdir. Şübhəsiz, bu, ölkəmizin etibarlı tərəfdaş və sülhün təşviqində aparıcı aktor kimi mövqeyini daha da möhkəmləndirir. Bu, həm də Azərbaycanın yalnız regional deyil, qlobal miqyasda da dialoqun və tənzimlənmənin aparıcı tərəflərindən biri olması deməkdir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”