30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi ilə nəticələnən qırx dörd günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə ölkəmizin hərbi qüdrəti ilə yanaşı, iqtisadi gücünü də nümayiş etdirdi. Hətta ən inkişaf etmiş dövlətlərin belə koronavirus pandemiyasının təsirlərindən ciddi problemlər yaşadığı bir vaxtda Azərbaycan postmüharibə dövründə azad edilmiş ərazilərdə başladılan geniş quruculuq işləri, nəhəng infrastruktur layihələri ilə dayanıqlı və möhkəm təməllər üzərində qurulmuş iqtisadi potensiala malik olduğunu sübut etdi.

Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Qarabağ Dirçəliş Fondu yaradıldı. Həmçinin dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” Fərmanı bu istiqamətdə atılan daha bir mühüm addım oldu.
Qarabağın və Şərqi Zəngəzurun zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün ciddi addımlar atılır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamı bunun bariz nümunəsidir. Ekspertlərin qeyd etdikləri kimi, Dövlət Proqramının əsas hədəfləri infrastrukturun, iqtisadiyyatın formalaşması, inteqrasiyası, sosial inkişaf və ərazilərdə ekoloji mühitin yaxşılaşdırılmasıdır. Hədəflər müasir çağırışlara uyğundur. Proqramda nəqliyyat və logistik imkanların genişlənməsi, şəhər, qəsəbə və kənd tipli yaşayış məntəqələrinin qurulması nəzərdə tutulub. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında müasir şəhərlər və kəndlər salınır, bərpaolunan enerji mənbələrindən istifadəyə əsaslanan və “yaşıl” texnologiyaların tətbiqi ilə “yaşıl enerji” zonası yaradılır, qabaqcıl standartlara cavab verən təhsil, səhiyyə, idman, xidmət infrastrukturu yaradılır.
Artıq 5-ci ildir ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-qurucluq işləri uğurla davam edir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə 75 min nəfərdən çox vətəndaşımız yaşayır və işləyir. Bu gün Laçında, Kəlbəcərdə, Şuşada, Xankəndidə, Zəngilanda və başqa azad ərazilərimizdə aparılan tikinti-quruculuq işləri, yeni iş yerlərinin açılması prosesi, əhalinin məskunlaşması kimi amillər bu torpaqlarin necə böyük əhəmiyyətə malik olduğunun göstəricisdir. Xankəndi, Ağdərə və Xocalıda 7 yaşayış məntəqəsində 12 min insanın məskunlaşması təmin edilib. Ballıca kəndinə 136 ailə, Ağdərə rayonunun Həsənriz kəndinə 70 ailə olmaqla 238 sakin, Suqovuşan kəndinə 180 ailə olmaqla 592 sakin köçürülüb. 2025-ci ilin sonuna kimi tam bərpası və əhalinin köçürülməsi nəzərdə tutulan 24 kəndin 8-də layihələndirmə, 16-da bərpa-quruculuq işləri həyata keçirilir.
2022-ci ilin yayında Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma yurda qayıtmaları ilə başlanan bu proses hazırda dinamik şəkildə davam edir. 2022-2024-cü illərdə yenidən qurulan 10 kənd və şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub. Bunlar Laçın, Füzuli, Şuşa, Xocalı və Cəbrayıl şəhərləri, Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış, Laçın rayonunun Zabux, Sus, Xocalı rayonunun Ballıca kəndləridir.
Prezident İlham Əliyev 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində keçmiş məcburi köçkünlərin qayıdışının həmi ildə də davam edəcəyini bildirirərək demişdi: “Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar”.
Azərbaycan heç bir xarici ölkədən maliyyə yardımı almadan, özünün güclü iqtisadi qüdrəti və maliyyə ehtiyatları hesabına Qarabağda geniş quruculuq işlərini uğurla davam etdirir. Ölkəmiz bütün regionlarda nəqliyyat və sosial infrastrukturların yenidən qurulmasını ardıcıl davam etdirməklə bərabər, Qarabağda iri nəqliyyat kommunikasiyalarının, beynəlxalq tipli qovşaqların icra olunmasında heç bir maliyyə çatışmazlığı ilə üzləşmir. Əksinə artan strateji valyuta ehtiyatları hesabına bu nəhəng quruculuğun miqyasını daha da genişləndirir. Prezidentimizin söylədiyi kimi, Azərbaycan bütün bu işləri öz iqtisadi gücü, geniş potensialı ilə yerinə yetirəcək və xalqımız bu torpaqlarda əbədi yaşayacaq.
Zahid Rza, “İki sahil”