ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Cənubi Qafqaza tarixi səfəri erməni lobbisini yandırıb-yaxmaqdadır. Belə ki, onlar Vitse-prezidentin Ermənistanın paytaxtı İrəvana səfəri çərçivəsində qondarma “erməni soyqırımı” abidəsini ziyarət edərək rəsmi “X” hesabında oradan görüntülər paylaşması və sonradan “erməni soyqırımı” ifadəsi silməsini hələ də həzm edə bilmirlər. Xatırladaq ki, bu cür ifadənin işlədilməsi ABŞ Prezidenti Donald Tramp administrasiyasının mövqeyinə tamamilə ziddir. Hətta hazırda Ağ Ev rəsmi bəyanatlarda “soyqırımı” terminindən istifadə etməməyə üstünlük verir. Yəni, ABŞ Konqresi və Trampın sələfi Co Bayden hadisələri “soyqırımı” kimi tanısa da, Tramp administrasiyası bu terminologiyadan yayınır. Bu isə o deməkdir ki, Cey. Di. Vens paylaşımını dövlətinin mövqeyinə uyğunlaşdırmağa çalışıb. Bu da revanşistlərin “məyus”luğuna səbəb olub.
ABŞ-da yaşayan erməni jurnalist Harut Sasunyan Cey. Di. Vensin katolikos II Qareginlə görüşməməsini və Ermənistanda həbsdə olan erməni yepiskoplarını ziyarət etməməsini ona irad tutub. Çünki onlar Vensin səfərini baş nazir Nikol Paşinyanı açıq şəkildə ittiham edən, onun kursunu milli maraqlara xəyanət kimi qiymətləndirən, “Qarabağ klanı”na bağlı çevrələrin təsiri altında siyasi oyunlar oynayan II Qaregini xilas etmək üçün müstəsna bir fürsət kimi dəyərləndirirdilər. Odur ki, kilsə nümayəndələri İrəvanda olduqları müddətdə ABŞ Vitse-prezidenti və ya digər yüksək vəzifəli ABŞ nümayəndələri ilə görüşmək istəyirdilər. Halbuki səfərin əsas məqsədi Azərbaycan və Ermənistan arasında sülh prosesini daha da irəli aparmaqdan, eləcə də "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanan dəhlizin reallaşdırılmasından ibarət idi. Elə bu səbəbdən Vens Paşinyan-Qaregin qarşıdurmasına baş qoşmadı.
Harut Sasunyan Vensin Azərbaycandan “heç bir erməni məhbusu azad etmədən ayrılması”na da irad tutub. Xatırladaq ki, bu məsələyə görə, son çarə kimi ABŞ Vitse-prezidenti Ceyms Devid Vens qabağa verilmişdi. Hətta o, fevralın 10-da İrəvanı tərk etməzdən öncə jurnalistin sualına cavabında Prezident İlham Əliyevlə görüşündə Bakıda saxlanılan erməni məhbusların məsələsini də müzakirə edəcəyini vurğulamışdı.
Prezident İlham Əliyev fevralın 13-də Münxendə "France 24" telekanalına müsahibəsində demişdir: "Vitse-prezidentlə bir neçə saat davam edən görüş zamanı digər məsələlərlə yanaşı, bu məsələ də onun tərəfindən qaldırıldı və mən bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim, vəssalam... Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar”. Dövlətimizin başçısı elə bu kimi səbəblərdən onların əfvinin mümkünsüzlüyünü Vitse-prezidentin diqqətinə çatdırdı. Bununla da ömürlük və uzunmüddətli həbs cəzasına məhkum edilmiş separatçıları azad etmək niyyətində olmadığını açıq şəkildə bəyan etdi. Həmçinin xatırlatdı ki, Bakı Hərbi Məhkəməsinin çıxardığı qərarlar, sadəcə, hüquqi prosedur deyil, 30 illik işğal, terror və separatizm dövrünə vurulan tarixi möhürdür. Vens də bu cür cavaba hörmətlə yanaşdı, nəticədə mövqeyindən geri çəkildi. Yeri gəlmişkən qeyd edək ki, məhkəmə prosesinə xaricdən təzyiq, həmçinin məsələni geosiyasi müstəviyə daşımaq cəhdləri də olmuşdu. Hətta Avropa Parlamenti müxtəlif bəyanatlar və qətnamələrlə çıxış etmişdi. Amma bütün bunlar məhkəmənin gedişinə təsir edə bilməmişdi.
Ceyms Devid Vensin Prezident İlham Əliyevi Prezident Trampla müqayisə etməsi, onu tərifləməsi də sən demə, Harut Sasunyanın ürəyincə olmayıbmış. Elə bu kimi səbəblərdən o, erməni diasporunu Vensə qarşı çıxmağa, həmçinin erməniləri 2028-ci il ABŞ prezident seçkilərində ona səs verməkdən imtina etməyə çağırıb. Şübhəsiz, bütün bunlar Vensin heç vecinə deyil. Çünki o, bu səfəri çərçivəsində erməni lobbisinin deyil, mənsub olduğu dövlətin maraqlarını müdafiə edib. Bütün bunlar isə o deməkdir ki, ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin İrəvan və Bakıya səfərləri siyasi çəkisinə və strateji istiqamətinə görə fərqli xarakter daşıyıb.
Qvami Məhəbbətoğlu, “İki sahil”