19 fevral 2026 10:30
137

DÜNƏNİN MİRASI, SABAHIN SƏSİ: ANA DİLİMİZ

Milli varlığımızın və müstəqil dövlətçiliyimizin sarsılmaz təməli olan Azərbaycan dili, bu gün qloballaşmanın gətirdiyi fırtınalar qarşısında həm dövlət qayğısı ilə ucalır, həm də hər birimizin vətəndaşlıq məsuliyyətini sınağa çəkir.

Hər il 21 fevral dünya xalqları tərəfindən Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1952-ci ildə Banqladeşdə ana dilini qorumaq uğrunda canından keçən gənclərin xatirəsinə ehtiram əlaməti olaraq təsis edilən bu gün, əslində dünyaya bir həqiqəti hayqırır: Dilini itirən xalq mənəvi baxımdan yox olmağa məhkumdur! Azərbaycan xalqı üçün isə bu günün mənası daha dərindir. Biz dilimizi sadəcə ünsiyyət vasitəsi kimi deyil, əsrlərlə davam edən repressiyalara, əlifba dəyişikliklərinə və siyasi təzyiqlərə rəğmən qorunub saxlanılmış milli qalamız kimi dəyərləndiririk.

Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsi və onun hüquqi statusunun sarsılmaz təməllər üzərində qurulması Ümummilli Lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Ulu Öndər hələ sovet imperiyasının ən sərt dövrlərində – 1978-ci ildə böyük cəsarətlə Azərbaycan dilinin Konstitusiya statusunu qoruyub saxlamışdı. Müstəqillik illərində isə bu siyasət yeni müstəviyə keçdi.

 Onun “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” kəlamı yalnız etnik mənsubiyyəti deyil, həm də bu dilin daşıyıcısı olmağın qürurunu ifadə edirdi. Dahi Lider tərəfindən 2001-ci il 1 avqust tarixinin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilməsi dilimizin tarixinə qızıl hərflərlə yazıldı. Bu, sadəcə bir təqvim dəyişikliyi deyil, eyni zamanda milli-mənəvi azadlığın rəsmiləşməsi idi.

Ümummilli Liderimiz Heydər Əliyevlə başlayan dilimizin dirçəliş erası Müzəffər Ali Baş Komandan İlham Əliyevi ana dilimizin milli kimliyin və ana dilinin mühafizəkarına çevirdi. Bu müqəddəs irs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində davam etdirilir. Dövlət başçısının dil siyasəti yalnız ana dilini qorumaq deyil, həm də onun beynəlxalq nüfuzunu artırmağa xidmət edir.

Cənab Prezidentin 2004-cü ildə imzaladığı sərəncamla latın qrafikalı ədəbiyyatın kütləvi nəşri ölkədə intellektual bir dirçəliş yaratdı. Bu gün kitab rəflərimizi bəzəyən minlərlə dünya klassikası məhz həmin iradənin nəticəsidir. 2018-ci ildə imzalanan “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman isə dilimizi müasir dövrün “dil çirklənməsi”ndən xilas etmək üçün hüquqi sipər rolunu oynayır. Cənab Prezidentin çıxışlarındakı qətiyyətli fikir hər bir məmurdan tutmuş sadə vətəndaşa qədər hamı üçün prinsipial xəttdir. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı söylədiyi bu fikir milli əqidəmizə sadiqliyin sübutudur. “Bizim dilimiz o qədər zəngindir ki, xarici kəlmələrə ehtiyacı yoxdur. Biz ana dilimizi olduğu kimi qorumalıyıq.”

Bəs müasir problemlər?  Qloballaşmadır, yoxsa dilin eroziyası?

Reallığa baxsaq, görərik ki, bu gün ana dilimiz ciddi dil qəzaları ilə qarşı-qarşıyadır. Bu problemlər təkcə dilçilik məsələsi deyil, həm də düşüncə tərzi ilə bağlıdır:

Gündəlik reklamlardakı “yadlaşma” elementləri bunun bariz nümunələrindəndir. Paytaxt küçələrindəki lövhələrdə əcnəbi dillərin üstünlük təşkil etməsi dilimizin vizual mühitini zədələyir. “Boutique”, “Shop”, “Restaurant” kimi ifadələrin Azərbaycan qarşılıqlarından qaçmaq sanki bir “nüfuz” göstəricisinə çevrilib ki, bu da milli psixologiyada yanlış izlər buraxır.

Təhsil və ailədaxili ünsiyyətdə də qeyd olunan problemlərlə rastlaşırıq. Bəzi ailələrdə övladlarına “daha yaxşı gələcək” qurmaq adı altında ana dilini ikinci plana atmaq meyilləri müşahidə olunur. Lakin unudulur ki, ana dilini mükəmməl bilməyən fərd öz milli köklərinə heç zaman dərindən bağlı ola bilməz.

Son zamanların ən böyük sosial problemlərindən biri də efirlərin “məişətləşməsidir” Bəzi televiziya aparıcılarının ləhcə ilə danışması, efirə küçə jarqonlarını daşıması ədəbi dil normalarını aşındırır. Kütləvi informasiya vasitələrinin dili cəmiyyət üçün nümunə olmalıdır, onu aşağı çəkmək gələcək nəsillərin nitqini şikəst etməkdir.

Sosial yayım vasitələrində sözlərin ixtisarla, calaq (azərbaycan, ingilis, rus qarışığı) şəklində yazılması dilin estetik ahəngini pozur. Süni zəka və rəqəmsal çevrilmələr dövründə dilimizin rəqəmsal bazasının milli terminlərlə zənginləşdirilməsi ləngiyərsə, dilimiz texnoloji asılılığa məruz qala bilər ki, bu da rəqəmsal təhlükə hesab olunur.

Bəs çıxış yolu nədir bu sahədə? Əlbəttə ki, dilə sevgi vətənə sevgi deməkdir. Dövlət öz üzərinə düşəni edir – sərəncamlar imzalayır, monitorinq mərkəzləri yaradır. Lakin dili yaşadan xalqdır. Dilin saflığı təkcə dilçilərin deyil, hər bir sahibkarın, hər bir müəllimin, hər bir valideynin, ümumiyyəıtlə, hər bir vətəndaşın vicdan borcu olmalıdır. Biz dilimizi kənar müdaxilələrdən təmiz saxlamalı, onu bir mədəniyyət silahı kimi itiləməliyik.

Dövlət başçımızın 3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında elmin bir çox sahələrinə dövlət qayğısından və qarşıya çıxan problemlərdən, bu problemlərin həlli strategiyaları ilə yanaşı, Azərbaycan dilinin saflığının qorunması məsələsində alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlərə çağırış edərək bu problemin diqqətdə saxlanılmasızərurətini vurğulamışdır.  Cənab Prezident qeyd etmişdir ki, “Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir.”

UNESCO tərəfindən təsis edilmiş bu özəl gün, xalqların varlığını təsdiq edən ən böyük mənəvi sərvətin — ana dilinin qorunması məqsədini daşıyan  21 fevral tarixi bizə bir daha xatırladır ki, ana dili dünəndən qalan mirasdırsa, onu qorumaq gələcək qarşısında ən böyük hesabatımızdır. Bizim dilimiz Füzulinin qəlbi, Vaqifin zərafəti, Şəhriyarın harayı, dövlətimizin müstəqillik səsidir. Ölkə başçımızın rəhbərliyi ilə həyata keçirilən milli dil strategiyası bu mirası qoruyaraq onu sabahın səsinə çevirir.

Ana dilimiz bizim varlığımızdır, əbədi var olacaq irsimizdir. Bu varlığı qorumaq isə müqəddəs Vətən torpağını qorumaq qədər dəyərlidir. Çünki dilimiz yaşadıqca, biz də bir millət olaraq dünya durduqca var olacağıq.

Bayramın mübarək, bəşəriyyətin ən gözəl dili, Azərbaycan dili!

Leyla Səfərova,
ADPU-nun Xarici Dillər Mərkəzinin əməkdaşı,
Xaricid dilin tədrisi kafedrasının baş müəllimi,
filologiya üzrə fəlsəfə doktoru