23 aprel 2026 10:41
125

Azərbaycanın siyasi kursunu bəşəri dövlətlər siyasi sə­mi­miyyətlə dəstəkləyir

Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbycanla dünyanın əksər döv­lət­ləri arasında ikitərərəfli münasibətlər yaranmağa başladı, qarşılıqlı etimada, inama əsaslanan bu münasibətlər qarşılıqlı istəklərlə genişləndirildi. Bu gün bu münasibətlər həm siyasi, həm də iqtisadi əlaqələr formatında uğurla davam etdirilməkdədir. Belə münasibətlər Pribaltika dövlətləri ilə də qarşılıqlı eti­mad əsasında genişləndirilir. Bu proses dövlət başçılarının qarşılıqlı səfərləri ilə şərtlənir. Latviya Prezidenti Edqars Rinkeviçsin 2026-cı il aprelin 22-də Azərbaycana səfəri də bu siyasi münasibətlər tezisinin ifadəsidir və o, öz əksini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu rəsmi səfər zamanı mətbua­ta verdiyi bəyanatda da tapmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında ikitərəfli gündəliyin müxtəlif aspektlərini, bu baxımdan beynəlxalq əhə­miy­yət kəsb edən məsələlərin həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərin iştirakı ilə ge­niş şəkildə mü­za­kirə edildiyini, bu əməkdaşlığın çox güclü arealı olduğunu, doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haq­qın­da Bəyannamənin hüquqi mühit yaratdığını, münasi­bət­ləri daha geniş siyasi müstəvidə forma­laş­dırdığını xatırladaraq bildirdi ki, “...bu gün keçiriləcək biznes-forum işgüzar əlaqələrin qu­rul­masında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə isteh­salın və bir sıra digər işlərin qurulmasında çox böyük potensialın növbəti təzahürüdür. Hər iki tərəfdən ki­fayət qədər bö­yük təmsilçilik var. Ümidvarıq ki, bu cür qarşılıqlı fəaliyyət praktiki müqavilələrlə nəticə­lə­nəcək”...

Bu və ya digər dövlətin iqtisadi inkişafı həm də dövlətlərarası münasibətlərlə şərtlənir. Qar­şı­lıqlı investisiyalar, sərmayə qoyuluşları da bu şərtlər sırasındadır. Azərbaycan Respublikasının Pre­­zidenti cənab İlham Əliyev hər iki ölkəyə yatırılacaq sərmayələrin yüksək iqtisadi nəticələri olaca­ğına inandığını da bildirərək dedi: “Biz, həmçinin razılığa gəldik ki, planlar, proqramlar və sərmayə imkanları barədə bir-birimizə daim məlumat verəcəyik ki, hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun və onlar öz fəaliyyətini planlaşdıra bilsinlər. Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gö­zə­çarpan nəticələr verə biləcək. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəa­liyyətə hazırdır və ümid edirəm ki, biznes-forum bu vaxta qədər, əfsuslar ki, bir az mülayim gö­rünən qarşılıqlı ticarətimizin dövriyyəsinin artırılmasında həqiqətən mühüm mərhələyə çev­ri­ləcək”.

Latviyanın ali təhsil müəssisələrində 450-dən artıq azərbaycanlı tələbənin təhsil aldığını xatır­la­dan dövlət başçımız mətbuata bəyanatında vacib bir məsələ haqqında da fikirlərini bildirdi. Son illərdə dünyanın nizamını pozan siyasi qarşıdurmaları, müharibə şəraitlərini, müharibələri nəzərə alan,  xarici siya­sə­ti sülh, əmin-amanlıq, dinc yanaşı yaşama olan dövlətlər Azərbaycanın xarici siyasətinin nəyə əsas­landığını səmimiyyətlə etiraf edir. Bu etiraf İkinci Qarabağ mühari­bə­sində qazanılan tarixi Zə­fərdən sonra daha parametrli şəkildə ifadə olunur. Dövlət başçımız həm Cənubi Qafqazda, həm də Baltik regionunda təhlükəsizlik məsələləri haqqında da fikirlər bildi­rə­rək dedi: “Mən cənab Prezidentə Azərbaycanla Ermənistan arasında çox perspektivli sülh prose­sinə aid ən son məlumatları çatdırdım. Əslində, ötən ilin avqust ayından etibarən hər iki ölkə Prezident Tramp tərəfindən Ağ Evə dəvət olunandan və Birgə Bəyanat imzalanandan sonra və xarici işlər nazirlərinin sülh sazişin mətnini parafladıqdan sonra bizdə de-fakto sülh var. Həmin vaxtdan etibarən sülh prosesində xeyli müsbət dinamika yaşandı, o cümlədən ticarət başlandı, xüsusən də Azərbaycandan Ermənistana yanacaq məhsulları təchiz olundu, vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlər keçirildi və bütün bunlar uzun illər müharibə şəraitində olan ölkələr arasında, həmçinin normal mühitin yaradılmasına töhfə verir. Bir sözlə, bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsa­­sında is­tədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş et­di­rirsiniz. Düşünürəm ki, həmin nümunə hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər”.

İki dövlət arasında imzalanan əməkdaşlıq sənədləri siyasi münasibətlər müstəvisində Azər­ba­ycanla Latviya arasında münasibələrin istiqamətlərinin göstəricidir.

Latviya Prezidenti Edqars Rinkeviçsin 2026-cı il aprelin 22-də Azərbaycana səfəri iki dövlət arasında əməkdaşlığın daha da genişlənəcəyinin, hər iki dövlətin bəşəri dövlət olduğunun təsdi­qi­dir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuata bəyanatı bir gerçək­liyi də tarixləşdirdi: Azərbaycan nüfuzlu dövlətdir, onun siyasi kursunu bəşəri dövlətlər siyasi sə­mi­miyyətlə dəstəkləyir...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı