17 fevral 2026 02:30
119

BMT-nin Baş katibi dekolonizasiya prosesini sürətləndirilməyə çağırır

Birləşmiş Millətlər Təşkilatı son onilliklərdə əldə olunan mühüm irəliləyişi qeyd etməklə yanaşı, bütün dünyada dekolonizasiya prosesinin başa çatdırılmasına nail olmağa davam edir.

“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin Dekolonizasiya üzrə Xüsusi Komitənin sessiyasının açılışında səsləndirilmiş müraciətində bildirilib.

BMT rəhbərinin adından çıxışı aparat rəhbəri Korteni Rattray səsləndirib. O xatırladıb ki, təşkilat yaranandan bəri dekolonizasiya onun əsas vəzifələrindən biri olaraq qalır. BMT dövlətlərin “idarə edənlər və tabe olanlar” sistemi çərçivəsində deyil, bərabərhüquqlu əsasda qarşılıqlı fəaliyyət göstərdiyi platforma kimi nəzərdə tutulub.

1945-ci ildən etibarən 100-dən çox ölkə müstəqillik əldə edib və bu gün getdikcə daha çox insan öz müqəddəratını təyinetmə hüququnu həyata keçirir. Bununla belə, müstəmləkəçiliyin nəticələri iqtisadi bərabərsizlik, irqçilik və bəzi xalqların beynəlxalq səviyyədə qərarların qəbulunda məhdud iştirakı şəklində hələ də hiss olunur.

Hazırda dünyada 17 özünüidarəetmə hüququndan istifadə edə bilməyən ərazi var. BMT-də hesab edirlər ki, bu ərazilərin gələcəyi həmin ərazilərin nümayəndələri, idarə edən dövlətlər və BMT-yə üzv dövlətlər arasında inklüziv dialoq yolu ilə, hər bir ərazinin özünəməxsus ehtiyacları nəzərə alınmaqla və BMT Nizamnaməsinə və Baş Assambleyanın qərarlarına uyğun şəkildə müəyyən edilməlidir.

Müraciətdə gənclərin roluna xüsusi diqqət yetirilib. Baş katibin fikrincə, gənclər daha ədalətli və inklüziv gələcəyin formalaşdırılmasının hərəkətverici qüvvəsinə çevrilməlidirlər.

Əsas çağırışlardan biri kimi iqlim dəyişiklikləri göstərilib. Öz müqəddəratını təyin etməyən ərazilərin əksəriyyəti dəniz səviyyəsinin qalxması, sahil xəttinin eroziyası və ekstremal hava şəraitlərinə xüsusilə həssas olan kiçik ada əraziləridir. BMT beynəlxalq müzakirələr zamanı davamlılıq və iqlim dəyişikliklərinə uyğunlaşma məsələləri ilə bağlı fikir mübadilələri aparmağa çağırıb.

Ötən ilin dekabrında BMT-də ilk dəfə müstəmləkəçiliyin bütün formaları və təzahürləri ilə mübarizə üzrə Beynəlxalq Gün qeyd olunub. Bu gün əldə olunmuş irəliləyişə baxmayaraq, dekolonizasiya istiqamətində işlərin hələ başa çatmadığını xatırladır.